Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinlənilib

Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinlənilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2021/2022-ci tədris ilində bakalavriat pilləsinə qəbul olunan birinci kurs tələbələri ilk mühazirəni dinləyiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı ilk mühazirəni təqdim edib.
Rektor Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verib. O qeyd edib ki, məktəb ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği məqsədilə yaradılıb. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyinin bərpasından keçən 30 il ərzində Azərbaycan Respublikası uğurla inkişaf etmiş və tarixi baxımdan çox qısa zaman kəsiyində ölkə bütün sahələrdə böyük uğurlar qazanıb.
Akademik U.Ələkbərov qazanılan uğurların əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını vurğulayıb. Rektor, eyni zamanda, diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var. Akademik vurğulayıb ki, əslində, daha az vəsaitlərlə yüksək göstəricilərə nail olunması dövlət inkişafı proseslərinin idarə edilməsində Prezident İlham Əliyev tərəfindən işlənmiş innovativ sinergetik, komplimentar və kompensasion texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Həmin texnologiyalar ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin edib. Mühazirədə ölkənin sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafı xarakterizə edən göstəriciləri müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb.
Rektor U.Ələkbərov qeyd edib ki, Vətən müharibəsinin 44 günü Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. “Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olan həmin günlər xalq-dövlət, xalq-hakimiyyət birliyinin nümayişi idi. Bu, hakimiyyət və xalq arasında qarşılıqlı inam və etimadın nə qədər vacib olduğunu parlaq surətdə nümayiş etdirdi. Azərbaycanı bu möhtəşəm Qələbəyə aparan Ali Baş Komandanın müdrik qərarları, müzəffər Ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi oldu. Qazandığımız bu Qələbə, həmçinin gəncliyimizə örnək oldu. Onlar gördülər ki, öz lideri ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir və qalibdir.
Otuzillik müstəqillik yolunda Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını bildirib.
Sonda tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər