Şərq-Qərb Universiteti Cənubi Qafqazın təhsil sahəsində regional əməkdaşlıq nümunəsidir

Şərq-Qərb Universiteti Cənubi Qafqazın təhsil sahəsində regional əməkdaşlıq nümunəsidir Gürcüstanın Tbilisi şəhərində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Hamlet İsaxanlı və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, professor Teymuraz Xurodzenin birgə təsisçiliyi ilə “East-West Teaching University” (Şərq-Qərb Universiteti) yaradılıb. Universitetin yaranmasını Gürcüstanın tanınmış iş adamı, iqtisad elmləri namizədi Zaza Nişnianidze dəstəkləyib.
Universitetin təsisçilərindən biri Tbilisidə yerləşən multidisiplinar və ixtisaslaşmış klinikaların əsas səhmdarı olduğu üçün əvvəlcə həkimlik ixtisasının tədrisinin həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsi üçün universitet strukturunda klinikaların olmasının nə qədər önəmli olduğu vurğulanıb.
Birgə səylər maddi-texniki bazası, səriştəli professor-müəllim heyəti və müasir tələblərə cavab verən təhsil proqramları ilə regionun ən görkəmli ali təhsil ocaqlarından birinə çevriləcək yeni universitet qurulmasına imkan yaradıb. Beynəlxalq standartlara cavab verəcək təhsil mühiti yaradaraq, onu daha da inkişaf etdirməyi qarşısına məqsəd qoymuş “East-West Teaching University” (https://eastwest.edu.ge) Cənubi Qafqazın təhsil sahəsində regional əməkdaşlığının gözəl nümunəsidir.

Tehsil-press.az


Oxşar xəbərlər