UNEC-in Elmi şurasında yeni qərarlar qəbul edilib

UNEC-in Elmi şurasında yeni qərarlar qəbul edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilinin Elmi şurasının ilk iclası keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İclasda rektor Ədalət Muradov yeni tədris ilində tələbə biliyinin qiymətləndirilməsində bir sıra yeniliklərin tətbiq olunacağını diqqətə çatdırıb.
Sonra tədris işləri üzrə prorektor dosent Gəray Musayev “UNEC-də təhsilalanların biliyinin cari və aralıq qiymətləndirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat dinlənildikdən sonra şura üzvlərinin təklifləri nəzərə alınaraq təsdiqlənib.
İclasda İmtahan mərkəzinin direktoru dosent Söhrab Hüseynovun 2021/2022-ci tədris ilinin yay semestrinin yekunu haqqında hesabatı dinlənilib.
Rektorun müşaviri, dosent Elşən Bağırzadə isə UNEC-də “Kafedra şuraları” və “İxtisas şuraları” haqqında qaydalarla şura üzvlərini tanış edib. Bildirilib ki, kafedra şuraları tədris planları, dərs və imtahan cədvəlləri, sənədlərin hazırlanması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. İxtisas şuralarının fəaliyyəti yalnız ixtisaslarla bağlı olacaq.
Elşən Bağırzadə “UNEC-də qonaq alimin statusu və fəaliyyəti haqqında qaydalar”ı barədə də çıxış edib. Bildirib ki, qaydalar UNEC-də müəyyən müddət üçün qonaq statusunda çalışan alimlərin fəaliyyətinin əsaslarını, eləcə də qonaq alimin hüquq və vəzifələrini, qiymətləndirilməsini əhatə edir.
UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev rəhbərlik etdiyi məktəbdə struktur dəyişikliyi edilməsi barədə təklif irəli sürüb. Onun təklifi şura üzvləri tərəfindən qəbul edilib.
Rektorun əməkdaş və tələbələrin psixoloji müdafiəsinin təmin edilməsi, müsbət davranış modelinin formalaşdırılması, universitetdə təhlükəsiz və sağlam mühitin yaradılması, mənəvi-psixoloji sağlamlığın dəstəklənməsi məqsədilə UNEC-də Psixoloji xidmət mərkəzinin yaradılması barədə təklifi səsə qoyularaq, şura üzvləri tərəfindən təsdiq olunub.
Elmi şuranın qərarı ilə UDİD proqramı üzrə qaydalarda da dəyişiklik edilib. Yeni qaydalara əsasən, proqramda ayrı-ayrı fənlər üzrə deyil, ümumi orta müvəffəqiyyət göstəricisi 71-100 bal arasında olan tələbələr iştirak edə biləcəklər.
UNEC “Eduman” sistemində tətbiq olunan tələbə məmnunluq anketinə əlavə və dəyişikliklər edilməsi haqqında da qərar qəbul edilib.
Universitetin fakültə, mərkəz və məktəblərinin nəzdində fəaliyyət göstərən bir neçə kafedranın adı dəyişdirilib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və idarəetmə kafedrası İqtisadi və texnoloji elmlər, eləcə də İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası Biznesin idarə olunması, İqtisadiyyat (rus dilində) kafedrası Tətbiqi iqtisadiyyat, Maliyyə və maliyyə institutları kafedrası Maliyyə və audit, Beynəlxalq iqtisadiyyat (ingilis dilində) kafedrası Beynəlxalq iqtisadiyyat və biznes, Biznesin idarəedilməsi kafedrası isə Biznes və logistika adlandırılıb.
Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər