Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən - Açıqlama

Üçtərəfli telefon danışığı ilə bağlı XİN-dən - Açıqlama Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında telefon danışığı aparılıb.
19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, 27 sentyabr tarixində Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş 31 avqust tarixli görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə 2 oktyabr tarixində iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb. Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
ABŞ dövlət katibi Antoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.
Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər