BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı olub

BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı olub Beynəlxalq Türk Akademiyası (BTA) və Monqolustan Elmlər Akademiyasının apardığı birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksi aşkar edilib. Türk dünyası üçün böyük əhəmiyyəti olan yazılı daş kitabə və abidə kompleksinin Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə təqdimatının keçirilməsi nəzərdə tutulur.
BTA-nın təşəbbüsü, Elm və Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə oktyabrın 4-də BDU-da İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib.
Təqdimat mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, hər bir xalqın mədəniyyəti həmin xalqın yaşadığı ərazi, region, mühit və s. amillərlə bağlı olsa da, onun dünya mədəniyyətinin inkişaf xətti ilə əlaqə və yaxınlığı şübhəsizdir. Türk xalqlarının mədəniyyəti və ədəbiyyatı bu mənada dünya mədəniyyəti və ədəbiyyatının ayrıca zəngin bir qolu və mərhələsi olmaqla yanaşı, həm də əsas tərkib hissəsidir. Qədim, zəngin mədəni irsə malik olan türk xalqları yaratdıqları möhtəşəm tarixi abidələr, maddi mədəniyyət nümunələri ilə hər zaman dünyanı heyrətə salıblar. Həmin abidələrin bir çoxu özünəməxsus gözəlliyi və əzəməti ilə bu gün də hər kəsi heyran edir.
Rektor vurğulayıb ki, bu əhəmiyyətli tarixi hadisə türk dünyasının tarixi və mədəniyyətinin olduqca qədim və zəngin olduğunu bir daha göstərir. Hazırkı dövrdə türk mədəniyyəti və ədəbiyyatının təkcə hər hansı konkret milli türk xalqı zəminində yox, ümumtürk mədəniyyəti səviyyəsində və bu səviyyənin ədəbi-bədii və estetik prinsiplərinin dərki baxımından öyrənilməsi vacibdir: “Bildiyimiz kimi, Monqolustanın Ötüken bölgəsində 2019-cu ildən etibarən Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutunun birgə apardığı qazıntılar nəticəsində ümumi sahəsi 49 x 41,5 metr olan İltəriş Xaqanın kompleksi və kitabəsi aşkar edilib. Abidənin mətnindən əldə edilən məlumatlar əsasında belə qənaətə gəlinib ki, Nomqon abidəsi Göytürk xanlığını dirçəltmiş Kül Tigin və Bilgə Xaqanın atası İltəriş Kutluq Xaqana ithaf olunub. Bundan başqa, bu abidə “Türk” adının ilk çəkildiyi Göytürkün ən qədim yazılı abidəsi hesab olunur. Daş kitabənin özəlliyi “Türk” adının türkdilli tarixi qaynaqlarda qeydə alındığı ilk mənbə olmasıdır. Digər önəmli məqam kitabənin ötən əsrin sonlarında Orxon abidələrinin (Bilgə Xaqan, Kültegin, Tonyukuk) Qərb mütəxəssisləri tərəfindən kəşfi və tədqiqindən 130 il sonra öz arxeoloqlarımız - Türk Akademiyasının alimləri tərəfindən kəşf edilməsi və oxunmasıdır. Abidənin kəşfi Türk yazı tarixi və əlifbasının düşünüləndən daha qədim olduğunu isbat edir”.
Elçin Babayev diqqətə çatdırıb ki, tədqiqatlarda iştirak edən alimlər abidənin mətnindən “Tanrı”, “Türk”, “Kutluq”, “Tümen” kimi bir sıra sözləri oxuya biliblər: “Beynəlxalq Türk Akademiyası tərəfindən Nomqon qazıntılarının nəticələrinə dair təqdimatların türk dövlətlərində keçirilməsi sevindirici və qürurverici tarixi hadisədir. Azərbaycanda təqdimatın Bakı Dövlət Universitetində keçirilməsi də çox sevindiricidir. BDU ölkəmizdə türkologiyanın əsas mərkəzlərindən biridir”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli bu abidəni türk dünyasının tarixini dəyişdirəcək böyük elmi kəşf adlandırıb. O qeyd edib ki, bu abidədə böyük türk xaqanlığının fəlsəfəsi, tarixi, dili öz əksini tapır: “Türk abidələrinin tapılması nə qədər böyük kəşfdirsə, onun öyrənilməsi də tariximizə, ortaq keçmişimizə dəyərin göstəricisi olacaq”. İsa Həbibbəyli abidənin öyrənilməsinə Azərbaycan alimlərinin töhfə verəcəyinə əminliyini bildirib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, BTA-nın vitse-prezidenti Füzuli Məcidli, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov çıxışlarında İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabənin tapılmasının və oxunmasının türk xalqlarının tarixi keçmişinin öyrənilməsində əhəmiyyətini vurğulayıb, bunun türk dövlətlərindən olan gənclərin tədqiqat yönümlü fəaliyyətləri üçün stimul olacağını qeyd ediblər.
Sonra BTA-nın qədim türk dilləri üzrə mütəxəssisi Napil Bazilhan İltəriş Kutluq Xaqana aid yeni yazılı daş kitabə və abidə kompleksi, burada türk dünyagörüşünün əksi, aşkar edilən yazılar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tehsil-press.az


Oxşar xəbərlər