AzMİU-da dəyirmi masa: Təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ təlim metodları

AzMİU-da dəyirmi masa: Təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ təlim metodları Azərbaycan Respublikasında Memarlıq, İnşaat Elminə və Tədrisin İnkişafına Yardım Xeyriyyə Fondu tərəfindən “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün səmərəli innovasiya sistemlərinin və müasir təhsil texnologiyalarının tətbiqi ilə pedaqoji-metodiki bacarıqların inkişaf etdirilməsi, innovativ tədris metodologiyasının yaradılmasına, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılmasına, insan resurslarının inkişaf etdirilməsinə, bir sözlə, müasir təhsilimizin bütövlükdə təkmilləşməsinə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün layihədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Təhsilin keyfiyyətinin yüksəldilməsində innovativ təlim metodları” mövzusunda seminar keçirilib.
Tədbiri açıq elan edən Fondun icraçı direktoru Orxan Naqdiyev əvvəlcə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri və müasir təhsil texnologiyaları” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə ətraflı məlumat verib.
AzMİU-nun kafedra müdiri professor Nurməmməd Məmmədov çıxışında ali təhsilin dünya təhsil sisteminə inteqrasiyasının problemləri, təhsilin keyfiyyətinin yüksəldilməsində səmərəli innovasiya sistemləri kimi amillərin əhəmiyyətindən danışıb.
Universitetin PR və Marketinq mərkəzinin direktoru, İqtisadi nəzəriyyə və marketinq kafedrasının müəllimi İsa Muradov dünya və Avropa təhsil məkanında təhsil müəssisələrində istifadə edilən innovativ təlim metodları, müasir təhsil texnologiyalarının inkişaf yolları, təhsilin inkişafında İKT-nin tətbiqi səviyyəsi, müxtəlif onlayn təhsil platformaları kimi məsələlər barədə tələbələrə ətraflı məlumat verib.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər