Bakıda Azərbaycan yazıçılarının XIII qurultayı keçirilir

Bakıda Azərbaycan yazıçılarının XIII qurultayı keçirilir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XIII qurultayı işə başlayıb.
Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.
Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.
Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların xatirəsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anar deyib ki, bu gün Azərbaycan yazıçıları XIII qurultayını qalib ölkənin yazıçısı kimi keçirir: “Bizə bu qələbəni, tarixi zəfəri yaşatdığı üçün bütün yazıçılar adında Prezident İlham Əliyevə minnətdarlığımızı bilidiririk”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, AYB-nin üzvi İsa Həbibbəyli çıxış edərək yazıçıları tədbirik edib.
O, yazıçıların bu qurultayının Azərbaycan dövlətinin tarixində mühüm yer tutacağını bildirib. İsa Həbibbəyli qurultayın Zəfər Günü ərəfəsində keçirilməsinin önəmini qeyd edib: “Bu zəfərin qazanılmasında vətənpərvər ruhda böyüyən gəncliyin böyük rolu var”.
Anar İsa Həbibbəylini AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, tarixdə il dəfədir, AYB-nin üzvü AMEA-da belə yüksək vəzifəyə seçilir.
Qurultay işini məruzələrin dinlənilməsi ilə davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər