Bakı Dövlət Universitetində tədbir: Bir ömrə sığmayan 44 gün

Bakı Dövlət Universitetində tədbir: Bir ömrə sığmayan 44 gün Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Bir ömrə sığmayan 44 gün” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız Böyük Zəfər tariximizə yazıldı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz təkcə torpaqlarımızı işğaldan azad etmədi, həmçinin xalqımızın qürurunu, mərdliyini, vətənpərvərliyini dünyaya göstərdi. Azad edilən ərazilərimizdə hazırda üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır. Doğma Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq-tikinti işləri həyata keçirilir.
Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli ermənilərin təcavüzkar siyasəti barədə məlumat verib, gəncləri tariximizi dərindən öyrənməyə və informasiya müharibəsində erməni yalanlarına qarşı ayıq-sayıq olmağa çağırıb.
Fakültənin Tələbə Gənclər Təşkilatının sədr müavini Milan İdrisova “Sən hər kəsin Vətənisən”, I kurs tələbəsi Nailə Tağıyeva “Zəfər tariximiz” mövzularında çıxış ediblər. I kurs tələbələri Kübra Maqsudova və Fidan Əliyeva “Adını tarixə yazdı” və “Şəhidin son düşüncələri” şeirlərini səsləndiriblər.
Sonra I kurs tələbəsi Aidə Kərimovanın Vətən müharibəsi şəhidləri haqqında hazırladığı videoçarx təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər