Fizika İnstitutunda şəhid ailələri ilə görüş keçirilib

Fizika İnstitutunda şəhid ailələri ilə görüş keçirilib Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda şəhid ailələri ilə görüş keçirilib.
Tədbir müəssisənin Həmkarlar İttifaqının dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə reallaşıb.
Görüşdə Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov şəhid ailələrinə başsağlığı verib, onlara Allahdan səbir diləyib. Bildirib ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaq. O, Vətən uğrunda canından keçən oğullarımızın təkcə onların deyil, hər kəsin övladı olduğunu qeyd edib.
Daha sonra şəhid ailələri institutda yaradılmış “Şəhidlər guşəsi” ilə tanış olublar.
Tədbirin davamında kollektivin iclası keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
İclası giriş sözü ilə institutun icraçı direktoru professor Hüseyn İbrahimov açaraq bildirib ki, şəhidlərimiz Vətən müharibəsində vətənpərvərlik və igidlik nümunəsi göstərərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçiblər. Onun sözlərinə görə, şəhidləri yad etmək, ailələrinə başsağlığı çatdırmaq və xatirələrini daim yaşatmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Tədbirdə institutun Həmkarlar İttifaqı Komitəsinin sədri fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova vurğulayıb ki, şəhid Şəhriyar Həbibi, şəhid Fikrət Zeynallı və şəhid Bahadur Həsənov kimi əsgərlərimizin timsalında neçə-neçə şəhidimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda canlarından keçiblər. O bildirib ki, oğullarımız canları bahasına Azərbaycan xalqına Qələbə sevincini bəxş ediblər və şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. S.Bağırova I və II Qarabağ müharibəsi şəhidlərimizin heç vaxt unudulmayacağını və onların əziz xatirəsinin daim uca tutulacağını söyləyib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov çıxışında Vətən müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib. Bildirib ki, bu gün qorxmadan öz torpaqlarımızı ziyarət edə biliriksə, bunun üçün Azərbaycan əsgərlərinə borcluyuq.
Fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova isə qeyd edib ki, 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi bir hadisədir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar.
İclasda, həmçinin fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva və başqalarının çıxışı dinlənilib.
Sonda şəhid Şəhriyar Həbibinin anası Təranə xanım tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. O, Şəhriyar və digər şəhidlərin xatirəsinin əziz tutulduğu üçün fəxr etdiyini, bütün şəhidlərin qürur yerimiz olduğunu söyləyib.
Şəhid Bahadur Həsənovun həyat yoldaşı Mətanət Məcidova da Fizika İnstitutunun kollektivinə öz təşəkkürünü bildirib, 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Tədbirin sonunda videoçarx nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər