BDU-nun bir qrup əməkdaşı universitetin məzunu olmuş şəhidlərin ailələrini ziyarət edib

BDU-nun bir qrup əməkdaşı universitetin məzunu olmuş şəhidlərin ailələrini ziyarət edib Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin bir qrup əməkdaşı Lənkəran rayonu Osaküçə kəndində fakültənin məzunu şəhid Şəhriyar Həbibinin, Tovuz rayonu Aşağı Öysüzlü kəndində isə şəhid Fikrət Zeynallının ailəsini ziyarət ediblər.
Ziyarətdə Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Çıxış edənlər məzunların Vətən uğrunda şəhidlik zirvəsinə ucalmalarından qürur duyduqlarını, onların qəhrəmanlığının gənclərə nümunə olduğunu bildiriblər. Şəhidlərin xatirəsinin həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı vurğulanıb.
Sonra şəhidlərin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub.
Qeyd edək ki, Şəhriyar Həbibi 2010-2014-cü illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 2016-cı ildə hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə iştirak edib, noyabrın 6-da Qubadlı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Fakültənin digər şəhid məzunu Fikrət Zeynallı 2012-2016-cı illərdə BDU-da təhsil alıb. Vətən müharibəsi zamanı Şuşa və Xocavənd uğrunda döyüşüb, noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər