BSU-nun məzunu şəhid Elnur Allahverdizadənin xatirəsi anılıb

BSU-nun məzunu şəhid Elnur Allahverdizadənin xatirəsi anılıb Bakı Slavyan Universitetinin (BSU) Tərcümə fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Elnur Allahverdizadənin xatirəsinə həsr olunmuş “Mən Elnuram” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elnur Allahverdizadənin şəhid olmasının ildönümü ilə bağlı keçirilən anım tədbirində BSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı dosent Nurlana Nağıyeva, Tərcümə fakültəsinin dekan müavini Zümrüd Yolçuyeva, şəhidin müəllimləri olmuş Səbinə Tarıverdiyeva və Kamran Hacıyev, professorlar Rafiq Novruzov və Naidə Məmmədxanova, dosent Fatimə Vəliyeva, həmçinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov çıxış ediblər.
Çıxışçılar şəhidlik zirvəsinə ucalan tələbə məzunların gələcək nəsillərə örnək olduğunu qeyd edib, Elnur Allahverdizadə ilə bağlı öz xatirələrini bölüşüblər.
Tərcümə fakültəsinin tələbələri Aynurə Hümbətova, Vaqif Qəhrəmanov, Fatimə Rəşidova şeir söyləyiblər.
Tələbə Həbib Abbasov gitarada “Şəhidlər” mahnısını ifa edib.
Sonra şəhid Elnur Allahverdizadənin qəhrəmanlıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər