Budapeştdə ADA Universiteti məzunlarının birinci forumu keçirilib

Budapeştdə ADA Universiteti məzunlarının birinci forumu keçirilib Azərbaycanın Macarıstandakı səfirliyində ADA universiteti məzunlarinin birinci forumu keçirilib.
Azərbaycanın Zəfər Günü ərəfəsində keçirilən tədbirdə ADA Universitetinin Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və əcnəbi məzunları, eləcə də Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiya üzrə məsul departamentinin rəhbəri, diplomatik korpusun nümayəndələri, o cümlədən Türkiyə və Gürcüstan səfirləri, Türk Dövlətləri Təşkilatının Macarıstandakı nümayəndəlik ofisinin rəhbəri, elmi-akademik dairələrin təmsilçiləri daxil olmaqla, 100-dən çox qonaq iştirak edib.
Forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirakçıları ADA Universitetinin rektoru Hafiz Paşayev adından salamlayıb və tədbirə göstərilən böyük marağa görə minnətdarlığını bildirib.
Tədbirin açılışında çıxış edən ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfərinin ildönümü ərəfəsində belə bir forumun keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, ADA Universitetinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə davamlı əsasda mühüm töhfə verdiyini qeyd edib.
Forumda, həmçinin Macarıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Tamaş Torma onlayn formatda çıxış edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrindən məmnunluğunu bildirib və fəaliyyəti dövründə mövcud əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə vermək üçün çalışacağını vurğulayıb. Xalqımızı Zəfər Günü münasibətilə təbrik edən T.Torma Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini və işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməkdə maraqlı olduqlarını deyib.
Sonra Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı nümayəndəlik ofisinin rəhbəri Yanoş Hovari forum iştirakçılarına TDT çərçivəsində həyata keçirilən fəaliyyət, eləcə də Azərbaycanla Macarıstan arasında sözügedən çoxtərəfli platformada uğurla davam etdirilən əməkdaşlıq əlaqələri barədə məlumat verib.
Açılış sessiyasının ardınca forum “Cənubi Qafqazda Regional İnkişaf və Əməkdaşlıq” mövzusunda panel iclası ilə davam edib. İclasda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Matiaş Korvinus Kollecinin Diplomatiya Mərkəzinin rəhbəri Raymund Kis, Macarıstanın Xarici İşlər və Ticarət İnstitutunun tədqiqatçısı Laslo Vaşa və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Diplomatik Akademiya üzrə məsul departamentinin rəhbəri Adam İmre Süç natiq qismində çıxış ediblər. Macarıstan təmsilçilərinin çıxışlarında rəsmi Budapeştin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə tam dəstək göstərdiyi vurğulanıb.
Forumda, eyni zamanda, məşhur fotoqraf, ölkəmizin işğaldan azad edilmiş ərazilərinə dəfələrlə səfər etmiş Reza Deqati ərazilərimizin işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət təqdimatla çıxış edib.
Tədbirin ikinci panel iclası isə “ADA Universitetinin gələcək strategiyası və məzunların rolu” mövzusunu əhatə edib. Bu mövzu barədə isə ali təhsil ocağının tədris işləri üzrə prorektor Vəfa Kazdal məruzə edib.

Tehsil-press.az



Oxşar xəbərlər