Macarıstanın dövlət və elm xadimləri Mərkəzi Elmi Kitabxanada olublar

Macarıstanın dövlət və elm xadimləri Mərkəzi Elmi Kitabxanada olublar Macarıstanın dövlət və elm xadimləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.
Öncə qonaqlar MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar. Onlara fonddakı guşələr, məlumat bazaları və nəşrlər haqqında məlumat verilib. Daha sonra MEK-in fondunda macar dilində olan ədəbiyyatlardan, eləcə də görkəmli alim, türkoloq Georq Hazainin kolleksiyasından ibarət sərgiyə baxış keçirilib. Sərgi qonaqların böyük marağına səbəb olub.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in baş direktoru professor Məmməd Əliyev kitabxananın fəaliyyətindən danışıb. Bildirilib ki, hazırda MEK-in fondlarında 1,5 milyona yaxın nəşr saxlanılır. Bu nəşrlər arasında Azərbaycan-Macarıstan elmi əlaqələrinin güclənməsində xüsusi rolu olan macar türkoloq Georq Hazainin kolleksiyası xüsusi əhəmiyyətə malikdir.
Həmçinin baş direktor MEK ilə Macarıstan təşkilatları arasında səmərəli tərəfdaşlıq əlaqələrindən bəhs edib. Qeyd olunub ki, Macarıstanın ən böyük və daim genişlənən rəqəmsal dövri məlumat bazası olan “Arcanum” şirkəti və Macarıstan Respublikasının Eotvos Lorand Universiteti (ELTE) ilə ikitərəfli əməkdaşlıq yaranıb və uğurla davam etdirilir.
Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma Azərbaycana gəlişindən sonra ilk ziyarət etdiyi yerlərdən birinin məhz Mərkəzi Elmi Kitabxana olduğunu qeyd edib. Burada yaradılan şəraitdən və kitabxananın zənginliyindən danışan səfir qonaqpərvərliyindən dolayı MEK-in rəhbərliyinə təşəkkür edib. Səfir iki ölkə arasında elmi, mədəni əlaqələrin səviyyəsinin yüksək olduğunu bildirib. O, G.Hazainin irsinin və xatirəsinin bu kitabxanada yaşadılmasını iki ölkə arasında əlaqələrə bariz nümunələrdən biri kimi dəyərləndirib.
Azərbaycanın Macarıstanda və Polşadakı sabiq səfiri, diplomat və alim Həsən Həsənov bu görüşün önəmini vurğulayıb, görkəmli türkoloq-alim G.Hazaini şəxsən tanıdığını bildirib və onunla bağlı xoş xatirələrini bölüşüb.
Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari türk tarixinin, elminin öyrənilməsində kitabxanaların və xüsusilə kitabların rolundan danışıb.
“Atamdan mənə qalan ən dəyərli miras onun Azərbaycandakı çalışmaları, elmi işləridir”, - deyə görkəmli alimin qızı Sesiliya Hazai qeyd edib. Çıxışı zamanı, həmçinin onun başladığı işi davam etdirmək istədiyini bildirib və məşhur türkoloq-alimin həyat və yaradıcılığına həsr olunan yeni nəşrləri MEK-ə hədiyyə edib.
Sonda MEK tərəfindən qonaqlara dəyərli hədiyyələr – neftlə çəkilən şəkil kompozisiya və səfir Tamaş Yojef Tormaya Çingiz Qacarın “Qədim Şuşa” kitabı təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər