Keyfiyyətli təhsil yalnız bilik və bacarıqların, səriştələrin deyil, həm də dəyərlərin formalaşdırılmasıdır
Məktəb mühiti daim hərəkətdə olan, dəyişən, yeniləşən canlı orqanizmdir. Bu baxımdan, məktəblərə hər səfərdə yenilikləri görmək, məktəb idarəetməsində iştirak edən şəxslərlə, müəllim, şagird və valideynlərlə müzakirələr olduqca maraqlı və əhəmiyyətli amilləri üzə çıxarır, atılan addımların nəticələrini daha aydın görməyə imkan verir.
Hər həftə ən az iki-üç dəfə səhər tezdən işə gələrkən yolumu paytaxtın ümumi təhsil müəssisələrindən salıram. Öncədən planlaşdırılmayan bu səfərlərimin məqsədi məhz məktəblərdəki mühitlə tanışlıq, məktəbin tədris şəraitinin, ordakı ab-havanın, mövcud durumun izlənməsi, daha dəqiq desək, monitorinqlər aparmaqdır. Bu ziyarətlərimdə məktəb rəhbərliyi, müəllimlər və şagirdləri maraqlandıran mövzular ətrafında söhbətlərimiz olur, tətbiq olunan yeniliklər, qarşıdakı planlarla bağlı fikir mübadiləsi aparırıq. Hesab edirəm ki, kollektivin fikirlərini dinləmək, problemlərlə yerində tanış olmaq xoşbəxt uşaqların yetişdirilməsi, tədris nailiyyətləri ilə yanaşı, məktəb-valideyn münasibətləri və sağlam məktəbdaxili mühitin formalaşdırılması baxımından da olduqca əhəmiyyətlidir. Onu da bildirim ki, təhsili idarəetmə qurumları rəhbərlərinin məktəblərə öncədən planlaşdırılmayan səfərləri, müəllim, şagird və valideynlərlə belə görüş və müzakirələr maraqla qarşılanır.
Daha çox müşahidə xarakteri daşıyan bu monitorinqlər zamanı ortaya çıxan bəzi nüansları qeyd etmək istərdim. Məktəbə getməmişdən öncə səfərimin məqsədini müəyyənləşdirirəm ki, getdiyim məktəbdə nələrə diqqət edəcəyəm. Diqqətimdə olan əsas üç məsələ var ki, onlardan birincisi məktəbin səliqə-sahmanı, ikincisi oradakı psixoloji mühit, üçüncüsü isə tədris prosesinin təşkili məsələsidir.
Məktəbə daxil olanda diqqət etməyə çalışıram ki, qarşılaşdığım şagirdlər tanımadığı şəxsə salam verəcəkmi? Təhsil ocağı şagirdlərdə tanımadığı biri olsa belə, ona salam vermək mədəniyyətini formalaşdıra bilibmi? Müşahidələrimə əsasən deyə bilərəm ki, məktəbə daxil olarkən onun astanasından səliqə-sahmanı, həmçinin dəhlizdə gəzərkən müəllim və şagirdlərin bir-birinə münasibəti, sinfə girərkən şagirdlərin üzündəki ifadə məktəbdəki mühitdən xəbər verir. O ifadə özü bəlli edir ki, sinifdə öyrənmə mühiti var, yoxsa yox? Uşaqlar özlərini məktəbdə xoşbəxt hiss edə bilirmi? Qeyd etdiyim bu nüansları məktəblərdə müşahidə edə biliriksə, deməli normal təhsil mühiti formalaşdırılıb və keyfiyyətli tədrisin uğurlu nəticələrini görə biləcəyik.
Sual oluna bilər ki, keyfiyyət deyəndə nəyi nəzərdə tuturuq? Bizim keyfiyyət yanaşmamız nədən ibarətdir? Keyfiyyətli dərs, ilk növbədə, dövlətin müəyyənləşdirdiyi standartları reallaşdıran dərsdir, daha doğrusu, keyfiyyətli dərsin sütunu, özülüdür. Keyfiyyətli dərsin fəlsəfəsində düşündürən dərs anlayışı dayanır. Gələcəyin düşünən insanını formalaşdıran, yetişdirən dərs keyfiyyətli dərsdir. Başqa sözlə desək, yaddaşdan təfəkkürə keçid edə bilən dərs keyfiyyətli adlanır. Bu, həm də şagird nailiyyətlərində özünü göstərir. Keyfiyyət öyrənmə prosesi ilə düz mütənasib təşkil etməlidir. Əgər öyrənmə prosesi yoxdursa, orda keyfiyyətli dərsdən söhbət gedə bilməz.
Dərsin keyfiyyətini təmin edən amillərdən biri də məqsəddir. Əgər məqsəd yoxdursa, keyfiyyətə nail olmaq mümkün olmayacaq. Hər bir öyrədən dərs prosesi zamanı bu sualı özünə verməlidir ki, “mən kimi və nəyi öyrədirəm, eyni zamanda necə və niyə öyrədirəm?”. Müəllim bu sualların cavabını mütləq şəkildə bir məqsəd olaraq qarşısına qoymalıdır. Unutmamalıyıq ki, qarşımızdakı şagird dünənin şagirdi olmadığı kimi, valideynlər də fərqlidir. Tədris prosesində müəllim qarşısında oturan şagirdlərin fərqli olduğunu nəzərə alaraq müxtəlif metodik vasitə və üsullardan istifadə etməlidir. Hər bir şagirdə fərdi yanaşma, açarlar və alətlər müxtəlif olmalıdır. Öyrədənlər uşaqları düşündürmək üçün hansı alətlərdən istifadə etmək lazım olduğunu bilməlidirlər. Bütün bunları nəzərə alaraq düzgün münasibətlərin qurulması, yeni nəsli düzgün tanıyaraq doğru yanaşmanın müəyyən edilməsi olduqca vacibdir. “Nəyi öyrədirik?” sualı ətrafında isə, əlbəttə məzmun məsələsi dayanır. Müasir dövrün tələblərinə uyğun məzmunu müəyyənləşdirmək çox əhəmiyyətli bir məsələdir. Çünki məzmun müasir dövrün tələbinə cavab vermirsə və həyati bacarıqları aşılamağa qadir deyilsə, onun heç bir əhəmiyyəti yoxdur.
Yaradıcılıq imkanlarının genişlənməsi üçün şəraitin yaradılması da vacib şərtlərdəndir. Dünyaca məşhur təhsil tədqiqatçısı Andreas Şleyxer “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabında da qeyd edir ki, biz daha çox istedada, qabiliyyətə söykəndiyimiz halda asiyalı müəllimlər daha çox zəhmətə önəm verirlər. Şagirdə “sən bunu bacarmazsan, bu, sənin üçün çətindir” demək onun bütün potensialını, həvəsini məhv etmək deməkdir. Yaxud müəllim uşağın valideyninə “sizin övladınızın istedadı, bacarığı yoxdur, öyrənə bilmir” əvəzinə, uşaq haqqında yüksək fikirdə olmalı, onun bacara biləcəyinə, daha yaxşı nəticələr qazanacağına əminlik yaratmalıdır. Yəni şagirdin istedad qapısını hər tərəfdən açmağa çalışmalıyıq.
Keyfiyyətli təhsil yalnız bilik və bacarıqların, səriştələrin deyil, həm də dəyərlərin formalaşdırılmasıdır. Elə dəyərlər var ki, onlar ölçüləbilən deyil. Vətənpərvərlik, Vətən sevgisi kimi. Bu dəyəri formalaşdıran, özülünü qoyan isə ailə ilə bərabər məktəbdir. Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Şanlı Zəfərimiz göstərdi ki, təhsil ocaqlarımız vətənpərvər gənclər tərbiyə edə bilib. Ola bilsin ki, bir zamanlar tarix dərsindən müvəffəqiyyət göstəricisi o qədər də yüksək olmayan biri döyüş meydanındakı şücaəti, torpağı üçün canını qurban verməsi ilə Vətən sevgisinin dəyərinin nə qədər yüksək olduğunu göstərdi, ən şərəfli tarix yazdı.
Bir sözlə, təhsildə keyfiyyətə nəzarət məqsədilə aparılan, bir növ yoxlayıcı və dəstəkləyici monitorinqlərin təşkili, prosesin təhlili, təhlillərdən sonra isə strategiyanın müəyyənləşdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən işlər ümumi prosesin bir-birinə bağlı olan halqalarıdır. Düşünürəm ki, keyfiyyətli insan kapitalının hazırlanması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoji heyətin inkişafı və motivasiyası kimi prioritet strateji istiqamətlər də təhsilin gələcək inkişafı üçün qarşıya qoyulan məqsədlərdəndir.
Hər bir xalqın rəqabətə davamlılığı, ümidli gələcəyi bilavasitə təhsil sahəsində qazanılan nailiyyətlərlə bağlıdır. BMT tərəfindən XXI əsrin “Təhsil əsri” elan edilməsi əslində bütün bəşəriyyətə ünvanlanmış bir mesajdır. Çünki danılmaz reallıqdır ki, inkişafın mənbəyində yalnız təhsil, təhsilli cəmiyyət dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı da o qədər çox artacaq”.
Təhsil sahəsi ölkənin inkişafını müəyyənləşdirən əsas sahə olduğundan cəmiyyətin gələcəyi də daha çox biz müəllimlərdən, təhsil işçilərindən asılıdır. Məktəb nə qədər keyfiyyətli təhsil, hərtərəfli tərbiyə verəcəksə, cəmiyyətimiz, dövlətimiz də bir o qədər güclü və qüdrətli olacaq. Çünki uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq.
Azərbaycanın indiki böyük quruculuq və böyük qayıdış dövründə hərtərəfli yetişmiş vətəndaşa olan ehtiyac daha aydın şəkildə özünü büruzə verir. Bu mənada təhsil işçilərinin, təhsil ocaqlarının müqəddəs missiyası bu gün dünənkindən daha aktual, daha gərəklidir. Bu dəyərləri qəbul edən, qoruyan, reallaşdıran hər bir müəllim, həm səmərəli məktəb mühitinin, həm də ölkəmizin xoşbəxt gələcəyinin qurucuları kimi sabaha daha nikbin baxır...
Mehriban VƏLİYEVA,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri