Təhsil naziri: Çalışırıq ki, məktəblərdə daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq

Təhsil naziri: Çalışırıq ki, məktəblərdə daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq Artıq məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəb psixoloqlarının sayı sinif-komplektlərin sayından asılı olan ştat vahididir. Düşünürəm ki, Təhsil Nazirliyi olaraq bu istiqamətə daha çox diqqət ayırmalıyıq. Bu istiqamətdə daha çox təşəbbüslərlə çıxış etməyi öhdəmizə götürürük.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.
Məktəblərdə çox keyfiyyətli psixoloji xidmətin qurulmalı olduğunu bildirən nazir qeyd edib: “Bu o deməkdir ki, həqiqətən də peşəkar psixoloqlar olmalıdır. Çünki məktəbdə psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Bəzi ölkələrdə bu, lisenziyalarla tənzimlənir, kifayət qədər ağır tənzimlənən bir məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq. Yəni, bir rayonda psixoloqlara metodik dəstəyin göstərilməsini, məktəb daxilində psixoloji mühitin ölçülməsi üçün alətlərin hazırlanmasını və s. təmin etməliyik”.

Tehsil-press.az

Oxşar xəbərlər