Təhsilimizin nailiyyətləri Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir

Təhsilimizin nailiyyətləri Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir Müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyev bütün sahələrdə olduğu kimi təhsilin də inkişafına böyük önəm verib. Bu gün Azərbaycan təhsilində əldə olunan nailiyyətlər, savadlı kadrların yetişməsi məhz Ulu Öndərin siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Bunu Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə rektor Vilayət Vəliyev söyləyib.
V.Vəliyev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb. Qeyd edib ki, Azərbaycanı haqlı olaraq Heydər Əliyevin şah əsəri adlandırırlar. Ümummilli Liderin siyasi irsi, onun hadisələrə yanaşması gənclərə örnək olmalı və gələcək nəsillərə ötürülməlidir.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan və xilaskarlıq missiyasından danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq ideologiyası, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq.
Digər çıxış edənlər də Heydər Əliyevin dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ölkəmizin hərtərəfli inkişafı yolunda böyük tarixi xidmətlərindən danışıblar. Vurğulanıb ki, əsrlər keçsə də Heydər Əliyevin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
Tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstünün önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər