Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub

Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra iştirakçılar AzTU-dakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxıblar. Universitetin rektor əvəzi Xalıq Yahudov ümummilli lider Heydər Əliyevin AzTU-ya səfərini əks etdirən fotostendə baxış zamanı universitet əməkdaşlarının tarixi şəxsiyyətlə görüşünü yada salıb.
“Dəyirmi masa” ətrafında davam etdirilən anım tədbirində Xalıq Yahudov ümummilli liderin Azərbaycan dövlətinin güclənməsi, mədəniyyətimizin təbliği, gələcək nəsillərin savadlı olması üçün təhsil sahəsinə göstərdiyi qayğı və diqqətdən danışaraq bildirib ki, Heydər Əliyev fenomeni XX əsrdə xalqımızı çox böyük bəlalardan qoruyub. X.Yahudov Ulu Öndərin Azərbaycan dili ilə bağlı həssaslığına diqqət çəkərək qeyd edib ki, SSRİ dövründə Azərbaycanda siyasi elita Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər ana dilində danışmırdı. Lakin Ulu Öndərin siyasi toplantılarda, respublika və ittifaq səviyyəli tədbirlərdə ana dilində çıxışı hər kəsi dilimizə hörmətlə yanaşmağa vadar etdi, Azərbaycan dilinin öyrənilməsinə və genişlənməsinə şərait yaratdı.
Tanınmış publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xeyrəddin Qoca isə çıxışında Ulu Öndərin müstəqilliyimizin ilk illərində dövlətçilik üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə böyük nailiyyətlər qazanır.
Azərbaycan dili və pedaqogikası kafedrasının müdiri Həbib Mirzəyev və universitetin YAP gənclər təşkilatının əlaqələndiricisi Əsmər Nəbiyeva isə Ulu Öndərin gənc nəslin inkişafı üçün gördüyü işlərdən söhbət açıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər