BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illiyi qeyd olunub

BDU-nun Şərqşünaslıq fakültəsinin 100 illiyi qeyd olunub Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslığı Şərq-Qərb elmi-mədəni və ictimai-siyasi dialoqu kontekstində” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın açılışında çıxış edən rektor Elçin Babayev zəngin tarixə malik Şərqşünaslıq fakültəsinin 100 illik yubileyinin qeyd olunmasının Azərbaycan elmi və ölkənin ilk ali təhsil ocağı olan BDU üçün əlamətdar olduğunu bildirib. O qeyd edib ki, Şərqşünaslıq fakültəsi BDU-nun ən qocaman və nüfuzlu fakültələrindəndir: “Şərqşünaslıq fakültəsinin elmi bazasının formalaşmasında, əsasən Sankt-Peterburq və Kazan Universitetlərinin alimlərinin xüsusi xidmətləri olub. Bu sırada keçmiş SSRİ Elmlər Akademiyasının akademikləri - Nikolay Marr, İvan Meşşaninov, görkəmli şərqşünas alim Vasiliy Bartold, şərqşünas türkoloqlar Aleksandr Samoyloviç, Nikolay Aşmarin, Anastasi Romaşkeviç, Əziz Qubaydulinin adları çəkilə bilər. Məhz bu görkəmli alimlərin yetirmələri Azərbaycan şərqşünaslığını inkişaf etdirib, dilçilikdə, ədəbiyyatşünaslıqda yeni səhifələr açmağa nail olublar”.
Rektor diqqətə çatdırıb ki, fakültə öz zəngin tarixi inkişafı dövründə həmişə yüksək tədris və elmi-tədqiqat göstəriciləri ilə seçilib. Fakültədə ərəb, türk, fars dilləri və ədəbiyyatları ilə yanaşı, ibri, urdu, Çin, yapon, Koreya dilləri də tədris olunmağa başlayıb. Fakültənin məzunları arasında peşəkar tərcüməçilər, səriştəli diplomatlar, nüfuzlu ictimai-siyasi xadimlərin sayı kifayət qədərdir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək Şərqşünaslıq fakültəsinin yetirmələrinin ümumtürk birliyi sferasına verdikləri töhfə, bu sahədə Fondun fəaliyyəti haqqında danışaraq, belə konfransların təşkilinin əhəmiyyətli olduğunu vurğulayıb.
Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan çıxışında fakültənin tarixindən, inkişaf mərhələlərindən, perspektivlərindən danışıb. O, fakültənin 100 illik tarixində xidmətləri olan professor-müəllim heyətindən söhbət açıb, konfransa daxil olmuş 300-ə yaxın tezisin mövzusu və elmi əhəmiyyətinə toxunub.
Daha sonra Şərqşünaslıq fakültəsinin tarixi və fəaliyyəti ilə bağlı video nümayiş etdirilib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin üzvləri - akademik Rafael Hüseynov, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Ankara Universitetinin elmi işlər üzrə prorektoru Mustafa Fənər, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru Avazbek Vahidov, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı professor Pyotr Taraka, Şərqşünaslıq fakültəsinin məsləhətçi professoru Elxan Əzizov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə çıxış edərək Azərbaycan şərqşünaslığının inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra rektor Elçin Babayev tərəfindən təhsildə əldə etdiyi yüksək akademik nəticələrə və universitetin ictimai həyatında fəal iştirakına görə 2022-2023-cü tədris ilinin I semestri üçün Aida İmanquliyeva adına təqaüd BDU-nun Şərqşünaslıq fakültəsinin III kurs tələbəsi Mohəmmədəli Axundova təqdim edilib.
Tədbirdə Azərbaycanın İordaniya Haşimilər Krallığı, Əlcəzair, Müqəddəs Taxt-Tacda, Səudiyyə Ərəbistanı Krallığında səfirləri Eldar Səlimov, Tural Rzayev, İlqar Muxtarov və Şahin Abdullayevin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İndoneziyadakı səfirliklərimizin müşavirləri Cavid Musayev, Elxan Zeynalov və Gültəkin Həbiblinin Şərqşünaslıq fakültəsinin 100 illik yubileyi ilə əlaqədar təbrik məktubları səsləndirilib.
Daha sonra Şərqşünaslıq fakültəsinin tələbələri müxtəlif Şərq dillərində təbriklərini çatdırıblar.
Açılış mərasimi BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti Rəqsanə Əsədovanın ifasında “Qarabağ şikəstəsi” ilə sona çatıb.
Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Pakistan, İraq, Polşa, Macarıstan, o cümlədən respublikanın bir çox ali təhsil müəssisələri, elmi qurumlarından olan tədqiqatçıların və görkəmli şərqşünas məzunların iştirakı ilə keçirilən beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Tehsil-press.az


Oxşar xəbərlər