İnnovasiyanın insan amili: risklər və resurslar – elmi seminar

İnnovasiyanın insan amili: risklər və resurslar – elmi seminar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnnovasiyanın insan amili: risklər və resurslar” mövzusunda onlayn seminar keçirilib.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova aparılan araşdırmalar barədə ətraflı məlumat verib.
Mövzu ilə bağlı çıxış edən Ural Federal Universitetinin İnnovasiya və əqli mülkiyyət kafedrasının dosenti Eduard Patrakov innovativ iqtisadiyyatın inkişafında iqtisadi resursların əhəmiyyətindən bəhs edib. Sistemi idarə edən intellektual və texnoloji potensialın insan kapitalının inkişafındakı rolundan, eləcə də risklərin metodoloji təhlilindən danışan məruzəçi, risklərin öyrənilməsinə müxtəlif yanaşmalar olduğunu vurğulayıb. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artmasının, yeni sosial qrupların cəlb edilməsinin, innovasiyanın inkişafına istiqamətlənən institusional sistemin yaradılmasının bu sahədə əsas faktorlardan olduğunu diqqətə çatdırıb.
Seminarda insanın yeni texnologiyalara münasibətinin koqnitiv, affektiv və davranış komponentlərinin müəyyən edilməsi məqsədilə məruzəçinin hazırladığı sorğu iştirakçılar tərəfindən elektron formada cavablandırılıb.
UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov UNEC ilə Ural Federal Universiteti arasında elmi əməkdaşlıqdan söz açıb. Texnologiyalar arasında qarşılıqlı əlaqənin, yeni biliklərin iqtisadiyyatın sürətli inkişafına təsirlərindən bəhs edib.

Tehsil-press.az

Oxşar xəbərlər