BDU-da Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

BDU-da Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) görkəmli jurnalist, tanınmış ictimai və elm xadimi, ustad redaktor Nəsir İmanquliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev Nəsir İmanquliyevin həyat və yaradıcılığından, jurnalistika sahəsində fəaliyyətindən, bugünkü Azərbaycan jurnalistikasının formalaşmasında onun əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, sovet dövründə milli jurnalistika məktəbinin formalaşmasında, gənc jurnalistlərin yetişməsində özünəməxsus rol oynamış Nəsir İmanquliyev böyük çətinliklər bahasına cəmiyyətin maariflənməsinə, eyni zamanda, mətbuatın inkişafına öz töhfələrini verib. Sevindirici haldır ki, onun gördüyü işlər, həyata keçirdiyi tədbirlər, yetişdirdiyi ziyalılar bu gün də yaşayır. Bu isə onu deməyə əsas verir ki, Nəsir İmanquliyev öz əməlləri ilə əbədiyyət qazanıb. 1947-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərən böyük ustad təxminən 50 ildən artıq bir müddətdə Azərbaycanda jurnalist kadrların yetişdirilməsinə böyük əmək sərf edib.
Sonra BDU TV-nin Nəsir İmanquliyev haqqında hazırladığı videoçarx nümayiş olunub.
Daha sonra böyük alimin Jurnalistika fakültəsində dərs dediyi tələbələri və görkəmli jurnalistlər - Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Cahangir Məmmədli, Milli Məclisin deputatı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Teleradio Akademiyasının rektoru Telli Pənahqızı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Flora Xəlilzadə, professorlar Qulu Məhərrəmli, Allahverdi Məmmədli, Əməkdar jurnalistlər İlqar Həsənov, Tahir Aydınoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, ustad sənətkarın yaradıcılığının tədqiqatçısı Şərəf Cəlilli çıxış ediblər. Çıxışlarda Nəsir İmanquliyevin ötən əsrin 60-90-cı illərində mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və 30 ildən artıq baş redaktoru kimi fəaliyyətindən, qəzetin həmmüəllifləri sırasında Azərbaycanın bütün sahələrində fəaliyyət göstərən korifeylərin çıxış etməsindən, böyük alimin mühüm xidmətlərindən, peşəkar jurnalist kadrlar yetişdirməsindən söz açılıb.
Çıxış edənlər Nəsir İmanquliyevin elmi-pedaqoji, həmçinin qəzet redaktoru kimi fəaliyyətinin öz dövrünün bir çox jurnalistləri üçün yüksək nümunə olduğunu söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

Tehsil-press.az

Oxşar xəbərlər