Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi

Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi Hər kəsin həyatında onun ömrü boyu borclu olduğu və borcu heç vaxt, heç nə ilə ödəyə bilməyəcəyi adamlar olur. Bu adamların içərisində onu dünyaya gətirib həyata verən, böyüdüb boya-başa çatdıran valideylər və bir də onu bu həyata, uzun bir ömür yoluna hazırlayan, dünyaya baxışını formalaşdırmaqdan tutmuş peşə seçiminədək bütün vacib məqamlarda həmişə yanında olan müəllimi ilk sırada durur.

Haçansa bizə dayaq olan, yeri gələndə arxamızda dayanan, bizə ürək-dirək verən, xeyirxahlığından bəhrələndiyimiz bir çox digər adamlar da ola bilər həyatımızda. Ancaq haçansa, hansı bir məqamdasa, hansısa adekvat əməllərimizlə bir gün biz o ”digərlərin” borcunu heç vaxt borc hesab etmirlər və bu üzdən də bizdən borc qaytarmaq təmənnasında olmurlar. İkincisi, ata, ana və müəllim həyatımızda elə böyük işlərə imza atırlar ki, qiyməti, ölçüsü, dəyəri heç nə ilə hesablana bilməyən bu “işlərin” əvəzini vermək, onsuz da mümkün deyil. Beləcə min illərdən bəridir ki, kamil insanın ömür yolunda eyni dəyər statusunda yol gələn valideyn və müəllim borcu ödənilməz olaraq qalmaqdadır. Əlbəttə, bu borc ödənilmir, “borc” sahibi onun ödənilməsi təmənnasında deyil, lakin atanın, ananın və müəllimin kamilləşdirdiyi insan özünü həmişə bu insanlara borclu bilir və bütün həyatı boyu bu borc qarşısında ciddi bir məsuliyyət duyğusu keçirir.
Bu məsuliyyət duyğusu kamilləşmiş insanı cəmiyyət, xalq, ölkə qarşısında, millət önündə yaxşı işlər görməyə sövq edir. Əlbəttə, necə də olsa, ata, ana övladına genetik sevginin potensial imkanları ilə yanaşır və təbiət onu elə yaradıb ki, ayrı varianta imkan da yoxdur. Müəllim isə xeyli dərəcədə öz daxilindən, vətən, xalq, millət qarşısındakı mənəvi borcundan qidalanan bir sevgi ilə yetirməsinə bağlı insandır. Bu mənada onun özünün borc hesab etmədiyi bütün əmanətlərə görə biz özümüzü borclu hesab edirik.

Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi

Dərin duyğularla yanaşanda özünü müəllim hesab edən bütün kəslərə bütün kəslərin borcu var. Amma elə müəllimlər də var ki, öz böyüklüyü ilə, məktəb içərisində yaratdığı məktəbi ilə, müəllimlər içərisində müəllimliyi ilə yaddaşlarda qalır və onun yetişdirmələrinin bütün vətənə xidmət faktları həm də bu müəllimin adı ilə bağlı olur. Tale elə gətirib ki, bizim belə bir müəllimimiz olub. Azərbaycan jurnalistlərinin otuz yaşdan yuxarı peşəkarlarının hamısının müəllimi Nəsir İmanquliyev. Ölkədə çalışan həmin yaşdan olan və ixtisas diplomuna sahib jurnalistlərin hamısının peşəkarlıq öyrəndiyi Nəsir müəllim. 1950-1960-cı illər üçün xüsusi tipoloji xarakter daşıyan “Bakı”, “Baku” qəzetlərinin redaktoru Nəsir İmanquliyev axşam qəzetinin Azərbaycan nümunəsini yaradan, inkişaf etdirən, yaşadan bir praktik jurnalist nəslinin əvəzolunmaz müəllimdir. Bu jurnalistlərin hamısı Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir İmanquliyevin tələbəsi olmuş, böyük bir qrupu isə onun redaktorluq etdiyi “Bakı” və ”Baku”nun redaksiyasında mükəmməl, peşəkar jurnalist kimi yetişmişlər. Azərbaycanın yeni dönəm jurnalistikasında “Qərb standartları” adı ilə bu gün tətbiq olunan xəbər prinsipləri Nəsir müəllimin universitet mühazirələrində formalaşmış, rəhbərlik etdiyi ”Bakı” və ”Baku” axşam qəzetlərində, zamanın sərt təcrübəsində möhkəmlənmişdir. “Zamanın sərt təcrübəsi” deyəndə “sovet jurnalıstikasının” ideoloji kanonları və bu kanonlara nəzarət funksiyasını həyata keçirən dəmir senzuranı nəzərdə tuturuq. Bu gün demokratik Azərbaycan dövlətinin formalaşdırdığı demokratik KİV qanunları şəraitində fəaliyyət göstərən və sonsuz mətbuat azadlığını təmin edən bu qanunlardan da bəzən narazı qalan cavan jurnalist nəsli, yaxşı ki, o illərin dəmir sovet senzurasını görməyib. O çətin, o ağır senzura şəraitində, kommunist ideoloji məqsədlərinə mütləq xidmət zamanında xəbərin tərəfsizlik, qərəzsizlik, dəqiqlik prinsiplərini qəzetə tətbiq etmək bir yandan böyük cəsarət, mərdanəlik, peşəyə sədaqət idisə, digər tərəfdən gələcək nəzəri fikri formalaşdırmağa xidmət edəcək bir məktəbin bünövrəsindən xəbər verirdi. “Bakı” və ”Baku” axşam qəzetləri bu məktəbin əyani təcəssümü kimi o zaman üçün xəbərlərinin tərəfsizliyi, qərərsizliyi, dəqiqliyi ilə böyük oxucu auditoriyası qazanmışdı.

Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi

Yarandığı dövrdən (1958) 1980-ci illərin sonunadək hər il beş yüz min, səkkiz yüz min nüsxə tirajla hər axşam bakılı oxucuların qarşısına çıxan bu qəzet 1900-cü illərin məktəb səviyyəsinə yüksələn klassik qəzetlərimiz kimi böyük təsir gücünə malik idi. Xəbərin yaradıcılıq xüsusiyyətlərini diqtə edən bu qəzetin şəhər əhalisi arasında populyarlığı heyrət doğuracaq dərəcədə maraqlı idi. Tale elə gətirib ki, mən həm Nəsir İmanquliyevi bu məktəbin yaradıcısı kimi, həm də universiteti bitirən vaxtdan jurnalistika fakültəsində çalışdığım illərdən birgə işimizdən bələd olduğum ciddi bir nəzəriyyəçi kimi izləyə bilmişəm. Bu mənada mən Nəsir İmanquliyev həm praktik jurnalist kimi, həm də nəzəriyyəçi jurnalist-alim kimi yaradıcılığından danışmağa haqqı olanlardan biriyəm.
Nəsir İmanquliyevin yetişdirdiyi praktik jurnalistlər sırasına mərhum Şaban Şabanov, Şakir Abdullayev, Ağəddin Mənsurzadə bu gün də öz peşəsində çalışan məşhur jurnalistlər – Şamil Şahməmmədov , Fazil Rəhmanzadə, Yusif Kərimov, Möhbəddin Səməd, Əlabbas Əliyev, Qüdrət Priyev və onlarca başqaları birbaşa onun rəhbərliyi altındakı qəzetlərdə böyümüşlər. Ancaq Nəsir müəllimin mühazirələrdən dərs alan böyük jurnalistlər ordusu sırasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru, fəlsəfə doktoru İsmayıl Ömərov, AzəTac-ın baş direktoru Aslan Aslanov, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, İctimai Teleradio Yayım Şurasının üzvü Aqil Dadaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqa rəhbər işlərində dövlətin, ictimaiyyətin etibar etdiyi onlarca şəxsiyyət var. O biri tərəfdən Nəsir İmanquliyevin birbaşa elmi dünyagörüşü ilə formalaşmış bir qrup nəzəriyyəçi alim də var ki, uzun zaman onunla Jurnalistika fakültəsində birgə çalışmışlar. Haçansa Nəsir müəllimin universitet auditoriyasına ürkək-ürkək ilk qədəmlərini basan bu nəzəriyyəçi alimlər – filologiya elmləri doktoru, mərhum Famil Mehdi , müəllim təmizliyinin simvolu kimi yadda qalan, tarix elmləri namizədi Əliş Nəbili, nəzəri jurnalistika üzrə ilk Azərbaycan qadın elmlər doktoru Ceyran Əbdürrəhimova, uzun müddət Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri olmuş Nurəddin Babayev, Azərbaycanda televiziya və radio nəzəriyyəsinin bünövrəsini qoymuş professor Tofiq Rüstəmov... fakültədə onunla çiyin-çiyinə işləmiş, böyük müəllimin nəzəriyyə məktəbindən dərs alıb özləri də zamanın tələblərinə cavab verən nəzəriyyəçilər olmuşlar.
Nəsir İmanquliyevin tələbəsi olmuş, onun nəzəri fikirlərini bu gün ləyaqətlə davam etdirən, praktik fəaliyyətini bir örnək kimi yeni nəslə çatdıran alimlərin, aspirantların, magistrantların elmi yaradıcılığının məhsulu olan bir məqalələr toplusu buraxıblar. İşıqlı xarakteri ilə, elmi və praktik yaradıcılığı ilə qəlbimizdə bu gün də yaşayan əziz müəllimimizin yüz illik yubileyi ərəfəsinin qısa bir zaman kəsiyində meydana çıxan bu əsərlərin hamısında Nəsir müəllimin döyünən ürəyi var.

Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi

Bu məqalələrin müəllifləri içərisində Nəsir İmanquliyevin etimadını doğruldan – yəni həm praktik, həm də nəzəri cəhətdən uğurlu jurnalist-alim-müəllim ömrünü yaşayan, fakültəmizin dekanı professor Yalçın Əlizadə, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, dosent Mahmud Mahmudov, Akif Rüstəmov, Həmid Vəliyev, Məhəmmədismayıl Mehdiyev, Sima Rəhimova, onun ömrünün son illərinin tələbləri olmuş ən yeni nəslin nümayəndələri – fəlsəfə doktoru Könül Niftəliyeva, Lalə Hacıyeva, Gülnarə Sadıqova, Sevinc Əliyeva, Əli Hacıyev... və digər neçə-neçə müəllim, alim və jurnalist öz elmi əsərlərində həmişə Nəsir İmanquliyevə müəllim sədaqətini, müəllim ləyaqətini qoruyub zənginləşdirirlər.
Bu əsərlər jurnalistikamızın tarixini, nəzəriyyəsini və beynəlxalq yaradıcılıq prinsiplərini özündə əks etdirir. Filologiya elmləri doktoru, professor Alxan Məmmədovun bu günün gerçəkliyini əks etdirən “Jurnalistika: reallıqlar, problemlər, vəzifələr” məqaləsində qoyduğu mətbuatımızın milli xarakterinə dair fikirlərindən tutmuş, aspirant Eldar Hüseynzadənin “Müasir mətbuatda analitik janrların təhlili”nə qədər çoxçeşidli məqalələr silsiləsi Nəsir müəllimin ruhuna bir ərməğan kimi qəbul edilməlidir.
Hər şeyə bir səbəb olduğu kimi, həmin kitabın da ərsəyə gəlməsinə səbəb əziz müəllimimizin yüz yaşının qeyd olunmasına dair Azərbaycan Respublikası Prezidentinin sərəncamı oldu. Müəllimimizə hörmət və məhəbbət ruhunu özündə daşıyan bu sərəncamı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində ən böyük haqq və ən ciddi vəzifə Bakı Dövlət Jurnalistika fakültəsinin üzərinə düşür. Çünki Nəsir müəllim nə az-nə çox , düz 5 il bu fakültədə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında da çalışmışdır. İndi bu sətirlərin müəllifin rəhbərlik etdiyi həmin kafedranın sadə otağının sadə divarında Nəsir İmanquliyevin əbədi müəllim təbəssümünə bürünmüş sadə bir rəsmi asılıb. Nəsir İmanquliyev jurnalistika yaradıcılıq məktəbinin məsuliyyətini həmişə çiynində daşıyan kafedramızın üzvləri müəllim təmizliyini, tələbəyə müəllim qayğsını, universitet adını uca tutmağı, peşəyə sədaqət ruhunu, həmişə yeni olmaq istəyini bu rəsmə baxdıqca daha çox hiss edirlər.

Müəllim ləyaqətindən doğan müəllimə sədaqət prinsipi

Kafedranın qapısı önündə, dəhliz divarında isə Nəsir İmanquliyevin ciddi müəllim, yaradıcı jurnalist simasının həkk olunduğu barelyefi var. Gələcəyin jurnalistlər-tələbələr isə bugünkü müəllimlərinin kövrək xatirələrindən və qoyub getdiyi əsərlərindən tanıdıqları bu böyük insanın barelyefi önündən keçəndə mütləq ayaq saxlayır və böyük ehtiramla xatirəsini yad edirlər. İndi onların əlində Nəsir İmanquliyevin xatirəsinə həsr olunmuş maraqlı bir məqalələr toplusu var. Necə ki, Nəsir müəllim auditoriyada jurnalistika bütün istiqamətlərindən – tarixindən, nəzəriyyəsindən və praktikasından eyni bilgilərə dərs deyirdi, beləcə bu məqalələr toplusu tələbələrin həm mətbuat tarixi dərslərində, həm nəzəriyyədə, həm də parktik yaradıcılıqda eyni keyfiyyətlə köməyinə çatacaqdır. Nəsir müəllimin bir şüarı vardı: Hər şey tələbə üçün, hər kəs tələbə üçün.


Cahangir Məmmədli,
Bakı Dövlət Universitetinin Jurnalistikanın
nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri,
filologiya elmlər doktoru, professor

Oxşar xəbərlər