Dövlət İdarəçilik Akademiyası ilə Mediasiya Şurası arasında memorandum imzalanıb

Dövlət İdarəçilik Akademiyası ilə Mediasiya Şurası arasında memorandum imzalanıb Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Mediasiya Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandum nəzəri və təcrübi biliklərin artırılmasını, tələbələr üçün təcrübə imkanlarının yaradılmasını, birgə tədqiqatların aparılmasını və digər məsələləri ehtiva edir.
İmzalanma mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov digər ixtisaslarla yanaşı, hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığına və tələbələrin praktik bacarıqlarının inkişaf etdirilməsinə xüsusi önəm verildiyini deyib və Mediasiya Şurası ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib. O qeyd edib ki, son 30 ildə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasətinin əhəmiyyətini vurğulayan rektor bildirib ki, respublikamızda yaradılan innovativ idarəetmə sistemi nəticəsində Azərbaycan inklüziv inkişafa nail olub. İndi hər kəs öz həyatında bunu hiss edir.
U.Ələkbərov Azərbaycanın inkişaf tendensiyasını nüfuzlu beynəlxalq qurumların yaydığı statistik göstəricilərlə əsaslandırıb, idarəetmənin innovasiyaya təsirini və inkişafın əsas amillərini diqqətə çatdırıb. Rektor deyib ki, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfər Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ kimi qalacaq. Müstəqillik illərində Azərbaycanın bir çox istiqamətlərdə regional və qlobal liderə çevrildiyini qeyd edən U.Ələkbərov ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını söyləyib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov DİA məzunlarının müxtəlif dövlət və özəl qurumlarda aparıcı və rəhbər vəzifələr tutduqlarını vurğulayıb. O, imzalanan memorandumun əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli sənəd olduğunu və mühüm layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər