BDU və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb

BDU və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb Bakı Dövlət Universiteti (BDU) və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar.
İmzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi üçün təhsil və təcrübənin sıx inteqrasiyasının təmin edilməsi zəruridir. Bu baxımdan BDU və Mediasiya Şurası arasında əməkdaşlıq memorandumunun imzalanması mühüm əhəmiyyət daşıyır. “Mediasiya institutu mübahisələrin həlli üsulu kimi yeni yaransa da, çox sürətlə inkişaf edir. Bu sahəyə cəlb olunan mediatorların əksəriyyəti BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin məzunlarıdır. Ali təhsil müəssisəsi olaraq biz ölkəmizdə mediasiya institutunun inkişaf etdirilməsində, universitetlə Mediasiya Şurası arasında əməkdaşlığın gücləndirilməsində, təhsilalanların bu sahədə bilik və bacarıqlarının, mediatorların peşəkarlığının artırılmasında maraqlıyıq. Ümid edirik ki, əməkdaşlıq çərçivəsində uğurlu nəticələrə nail olacağıq”, - deyə rektor qeyd edib.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov imzalanan memorandumun Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar kursuna dəstək olduğunu bildirib. Qeyd edilib ki, yeni yaranmasına baxmayaraq, Mediasiya Şurasının 214 üzvü var, gələcəkdə onların sayının 3500-dək artırılması gözlənilir. İndiyədək Şura 40 minədək mübahisəli işə baxıb, onlardan 30 mini ailə mübahisələri olub. Şura tərəfindən BDU-nun Hüquq, Sosial elmlər və psixologiya fakültələrində və “SABAH” qruplarında görüşlər keçirilib, universitetin 20 tələbəsi könüllü kimi mediasiya işlərinə cəlb olunub.
N.Adilov BDU ilə əməkdaşlığın mediasiya sahəsində inkişafa səbəb olacağına əminliyini bildirib.
Sonra çıxış edən Mediasiya Şurasının Komissiya üzvü, pedaqogika elmləri doktoru Həsən Bayramov, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov imzalanan memorandumun əhəmiyyətini vurğulayıb, mediasiya sahəsinin inkişafı ilə bağlı təkliflərini veriblər.
Qeyd edək ki, memoranduma əsasən, BDU-da müvafiq sahə ilə əlaqəli təlim-tədris prosesi daha da təkmilləşdiriləcək, universitetin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət sahələri üzrə mediasiya xidmətlərinin göstərilməsinə dəstək həyata keçiriləcək. BDU-nun tələbələri üçün Mediasiya Şurasında və onun qurumlarında istehsalat və könüllü təcrübə proqramları təşkil olunacaq. Professor-müəllim heyəti Şura tərəfindən həyata keçirilən layihələrdə müqavilə əsasında məsləhətçi kimi fəaliyyət göstərəcək. Şuranın yüksəkixtisaslı mütəxəssisləri müvafiq ixtisas üzrə mühazirələr oxumaq üçün universitetin tədris prosesinə cəlb olunacaq, birgə beynəlxalq və respublika əhəmiyyətli konfranslar, seminarlar, təlimlər keçiriləcək. Memorandumda həssas əhali qrupları üzrə mediasiya xidmətinin təşkilinə dəstək göstərilməsi, universitet və Şura arasında cəmiyyət üçün aktual olan məsələlərin birgə həll edilməsi ilə bağlı korporativ sosial məsuliyyət, habelə digər layihələrinin həyata keçirilməsi, beynəlxalq layihələrdə birgə əməkdaşlıq da nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər