BDU alimi saxaroza və nişastanın kariyesə təsirini öyrənib

BDU alimi saxaroza və nişastanın kariyesə təsirini öyrənib Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərov saxaroza və nişastanın kariyesin əsas törədicisi olan bakteriyalara təsirini öyrənib.
Streptococcus mutans bakteriyası diş infeksiyalarının (karies və parodontit də daxil olmaqla) əsas törədicisidir. İşin məqsədi S.mutans ştamında biopərdənin və proteom profilinin yaranmasında saxaroza və nişastanın rolunu qiymətləndirməkdir. Biopərdənin əmələ gəlməsi mikrotitrləmə üsulu ilə təyin edilib. Saxaroza və nişastanın təsirindən sonra bakteriyanın zülallarındakı dəyişikliklər mass-spektrometrik metodla araşdırılıb. Biopərdənin əmələ gəlməsi 1 faiz saxaroza olan mühitdə 392 faiz, 1 faiz nişasta olan mühitdə isə 166 faiz (şəkərlər olmayan mühitlə müqayisədə) artıb. Saxarozanın təsirindən 50S ribosomal L29 zülal, nişastanın təsirindən isə 50S ribosomal L16 zülal normadan çox olub.
Nəticələr göstərib ki, şəkərlər Streptococcus mutans bakteriyasının patogenliyini artırır. Eyni zamanda, şəkərlər biopərdənin əmələ gəlməsini müxtəlif yollarla, məsələn, xüsusi zülalların ekspressiyasını dəyişməklə induksiya edə bilərlər.
Professor X.Qənbərovun həmmüəllifi olduğu “Saxaroza və nişastanın təsirindən sonra Streptococcus mutans bakteriyasının biopərdə əmələ gətirməsində iştirak edən proteom dəyişikliklərinin müqayisəsi” adlı tədqiqat işi haqqında məqalə “Web of Science” bazasına daxil olan Q3 kvartil “Biotechnology and Applied Biochemistry” (2023-cü il) jurnalında yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər