UNEC elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyib

UNEC elmi-tədqiqat yönümlü universitetə çevrilməyi hədəfləyib UNEC tədqiqat mərkəzlərinin yaradılması universitetin elmi potensialını və tədqiqatçı heyətinin sayını artırmaq, “UNEC-100” inkişaf strategiyasında əks olunan məqsəd və hədəflərə tez bir zamanda nail olmaq üçün atılan addımlardandır. Universitetdə fəaliyyət göstərən mərkəzlər üçün başlıca prioritet - müasir tələblər səviyyəsində iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə yeni elmi təfəkkürün və innovasiyalı iqtisadiyyatın formalaşması, fundamental elmi-tədqiqatların aparılması, yüksəkixtisaslı iqtisadçılar tərəfindən öyrənilməsi və tədqiq edilməsidir. UNEC tədqiqat mərkəzləri və onların əldə etdikləri elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb. UNEC-də fəaliyyət göstərən mərkəzlərin prioritet elmi istiqamətlərinin müəyyənləşdirilməsi və stimullaşdırılması universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Hazırda universitetdə 36 tədqiqat mərkəzi fəaliyyət göstərməkdədir.
Bu barədə UNEC-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova məlumat verib.
O bildirib ki, mərkəzlərdə fəaliyyət göstərən rəhbər və üzvlər həm universitetdaxili, həm universitetdən kənar, o cümlədən xarici universitetlərdə çalışan alim və tədqiqatçılardan ibarətdir. Ümumilikdə mərkəzlərdə ictimai əsaslarla 130 nəfər çalışır. Tədqiqatçıların səmərəli fəaliyyət göstərmələri məqsədilə UNEC-in 2 və 4 saylı tədris binalarında onlar üçün iş otağı ayrılıb. Onların arasında Türkiyə, İtaliya, İsrail, Niderland, Qırğızıstan, Almaniya, Banqladeş, Syerra-Leone, Çin, Rusiya, Böyük Britaniya, Avstriya, Polşa, Macarıstan, Fransa, ABŞ və digər ölkələrdən olan tədqiqatçılar yer almaqdadır.
Son illər UNEC tədqiqat mərkəzləri tərəfindən “Web of Science” və “Scopus” elmi bazalarında çap olunan məqalə sayında artım müşahidə olunur. Bunun səbəbi xarici ölkələrdə fəaliyyət göstərən əcnəbi alim və tədqiqatçıların tədqiqat mərkəzlərinə cəlb olunmasıdır.
R.Hüseynova qeyd edib ki, tədqiqat mərkəzlərinin fəaliyyət planında yerli və beynəlxalq layihələrə müraciət, beynəlxalq və respublika səviyyəsində elmi və populyar nəşrlərdə tədqiqat nəticələrinin dərc olunması, təbliğat xarakterli tədbirlər, əməkdaşlıq və s. öz əksini tapır. Universitetdə aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi və inkişafı məqsədilə elan olunan qrant müsabiqəsində 2 tədqiqat mərkəzi qalib gəlib. Mərkəzlərdə çalışan tədqiqatçılar müxtəlif beynəlxalq qrant layihələrinin də qalibləridir.
UNEC-də yaradılmış Enerji İqtisadiyyatı Mərkəzi tərəfindən 2020-ci ildə “ENECO” jurnalı təsis olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə jurnal iqtisad elmləri sahəsi üzrə Azərbaycanda məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib ki, bu da doktorantlara gələcək elmi fəaliyyətlərində yardımçı vasitə olaraq dəyərləndirilir.
Həmçinin UNEC Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi tərəfindən ötən ildən mühəndislik və tətbiqi elmlər sahəsində fundamental tədqiqat işlərinin elmi nəticələrini özündə əks etdirən "UNEC Journal of Engineering and Applied Sciences" (UNEC JEAS) jurnalı dərc olunur.
UNEC Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən UNEC-də 6 aylıq “Erməni dili” kursu keçirilir. Kursun məqsədi tədqiqatçılarımıza Ermənistan mətbuatını mütəmadi izləmək, Ermənistanın mövcud iqtisadi durumu və gələcək vəziyyəti ilə bağlı erməni dilində olan mənbələrdən daha dolğun məlumat əldə etmək, həmçinin bu dildə olan elektron resurslardan istifadə etməklə araşdırmalar aparmaq, eləcə də analitik təhlil materialları hazırlamaq, elmi məqalələrlə çıxış edərək dünya ictimaiyyətini məlumatlandırmaq imkanı yaratmaqdır.
Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC tədqiqat mərkəzlərinin təşkilatçılığı ilə bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslar, seminarlar, kitab təqdimatları və s. keçirilməkdədir. Onlar arasında 2 ildir təşkil olunan “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” I və II beynəlxalq konfransları, “Şuşa İli”nə həsr olunmuş “Şuşanın sosial-iqtisadi dirçəldilməsi – Azərbaycanın tərəqqisının yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsini, Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayevanın müəllifi olduğu “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabının təqdimat mərasimini, UNEC-də hər il təşkil olunan “Elm festivalı” çərçivəsində tədqiqat mərkəzləri tərəfindən təşkil olunan seminarları, xarici ölkələrdə fəaliyyət göstərən tədqiqatçılarımız tərəfindən keçirilən təlimləri və s. misal göstərmək olar.
UNEC-də 2021-ci ildən kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyası fəaliyyət göstərir. BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriya müasir texnologiyalarla və avadanlıqla təchiz olunub, laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılır, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizləri həyata keçirilir.
UNEC tədqiqat mərkəzləri və onların əldə etdikləri elmi nailiyyətlər bu təhsil müəssisəsinin tədqiqat yönümlü universitetə çevrilməsinə böyük zəmin yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər