ADPU-da magistrantların ilk elmi-tədqiqat və istehsalat təcrübələri təşkil olunur

ADPU-da magistrantların ilk elmi-tədqiqat və istehsalat təcrübələri təşkil olunur Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.
Tədbirdə çıxış edən rektor Cəfər Cəfərov təcrübəyə başlayacaq tələbələrə uğurlar arzulayıb. Rektor qeyd edib ki, son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə kadr hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, dövrün trendlərinə uyğun olaraq yeni ixtisaslar yaradılır. “Təhsilin təşkili və idarə olunması (MBA)” və “Təlim və tədrisin təşkili və metodikası (SABAH)” magistratura ixtisaslaşmaları üzrə bu il ilk buraxılışlar olacaq və hər iki ixtisaslaşma üzrə ilk elmi-tədqiqat və istehsalat təcrübəsi təşkil olunur.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov vurğulayıb ki, universitetdə magistr hazırlığının keyfiyyətini artırmaq məqsədilə artıq ikinci ildir magistrantların xarici ölkə universitetlərində də təcrübə keçməsinə başlanılıb. Magistrantların dissertasiya mövzuları arasında ali təhsilin idarə olunmasının aktual məsələlərinə xüsusi yer verilir və universitetin rəhbər heyəti şəxsən bu mövzulara elmi rəhbərlik edir.
Elmi-tədqiqat təcrübəsinin təşkili barədə geniş məlumat verən Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov qeyd edib ki, 2022-2023-cü tədris ilində ümumilikdə 22 ixtisas üzrə 26 ixtisaslaşmada təhsil alan 290 tədris ilinin magistrantı ADPU-nun 23 kafedrasında və müvafiq qurumlarda elmi-tədqiqat və istehsalat təcrübəsində iştirak edəcək. MBA, SABAH, təhsildə monitorinq və qiymətləndirmə, təhsil menecmenti ixtisasları üzrə təhsil alan tələbələrin təcrübələrində müəyyən fərqlər olacaq, onlar tədqiqat layihələrində iştirak edəcəklər.
Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi fevralın 16-dan martın 16-dək davam edəcək. Nəticədə magistrant davamiyyətə görə maksimum 20 bal, fərdi iş planının tərtibinə görə maksimum 20 bal, elmi seminarda iştirakı və məruzə ilə çıxışına görə maksimum 20 bal, təcrübə dövründə məqalə hazırlanmasına görə maksimum 30 bal, dissertasiya mövzusu ilə bağlı yeni ədəbiyyatla tanışlığa görə maksimum 10 bal olmaqla, ümumilikdə mümkün 100 balla qiymətləndirilir. Elmi-tədqiqat təcrübəsinin 25 faizdən çoxunda iştirak etməyən magistrant təcrübədən keçməmiş hesab edilir.
Sonda professorlar Mübariz Əmirov, Müseyib İlyasov, İsa İsmayılov və magistrant Nurxan Rəcəbli təcrübə ilə bağlı fikirlərini bölüşüblər. Onlar magistr hazırlığında keyfiyyətin yüksəldilməsindən, magistrantların iş və tədqiqat imkanlarının genişləndirilməsindən söz açıblar.

Tehsil-press.az


Oxşar xəbərlər