İranda tələbə qızların müəmmalı zəhərlənməsi halları davam edir

İranda tələbə qızların müəmmalı zəhərlənməsi halları davam edir İran universitetlərində qızların müəmmalı və kütləvi zəhərlənməsi halları baş verir. Bu barədə xəbər yayan “Fars” informasiya agentliyi bildirib ki, ictimai fəallar bu məsələdə hakimiyyəti ittiham edirlər.
“Fars” agentliyinin yaydığı məlumatda zəhərlənmənin səbəbinin universitet auditoriyalarında mənşəyi bəlli olmayan spreyin yayılmasıdır. Bu barədə agentliyə qızların valideynləri bildiriblər.
Ərdəbil Universitetinin tibb fakültəsinin əməkdaşları “Tasnim” informasiya agentliyinə bildiriblər ki, tələbə qızlar zəhərlənmə halları baş verən auditoriyalarda qaz iyi gəldiyini söyləyiblər. Son 3 ay ərzində İranın universitetlərində yüzlərlə tələbənin zəhərlənməsi halları qeydə alınıb və zərərçəkənlərin əksəriyyəti xəstəxanalara yerləşdirilib.
İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyxi “Xəbər Online” saytına müsahibəsində qeyd edib ki, təkcə Qum şəhərində 799 zəhərlənmə halı qeydə alınıb, son bir həftə ərzində Burucərdi şəhərində isə 400 tələbə qız zəhərlənib. Hüquq-mühafizə orqanlarının bu insidentlərlə bağlı heç bir təhqiqat aparmaması faktı şübhələri daha da artırıb. İranın hökumət rəsmisi isə bildirib ki, zəhərlənmə halları ayrı-ayrı şəxslərin qızları universitetlərdən uzaq tutmaq məqsədi ilə təşkil etdikləri hücumların nəticəsində baş verə bilər.
İranın hüquq fəalları iddia edirlər ki, tələbə qızların kütləvi zəhərlənməsi ötən ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra başlayan etiraz nümayişlərinə görə qisas aktı ola bilər. ABŞ-da yaşayan iranlı fəal Məsih Əlinecad isə iddia edib ki, hakimiyyət hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edib.
İranın məşhur sünni ruhanisi Mövləvi Əbdülhəmid bu insidentlərlə bağlı tviter səhifəsində bəyanat yayıb. O qeyd edib ki, Qum və Burucərdi şəhərlərində tələbə qızların kütləvi zəhərlənməsi aktları insanlığa və İslama qarşı törədilən cinayətdir.

Tehsil-press.az

Oxşar xəbərlər