Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun baş direktoru akademik Arif Həşimov açaraq Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən danışıb.
Akademik Yaqub Mahmudov Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edərək bildirib ki, Ulu Öndər haqqında ən doğru məlumat onun özünün qoyduğu izdir. Bildirib ki, Ulu Öndərin gördüyü işlər onun haqqında ən qiymətli əsərlərdir. O qeyd edib ki, Heydər Əliyev SSRİ dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə vətəninin, millətinin gələcəyi üçün çalışırdı. “Qürurluyam ki, Ulu Öndər məni Azərbaycanın böyük alimi adlandırmışdı. Mənim bir sıra fəxri adlarım var, amma ən qiymətlisi onun mənə verdiyi dəyərdir”, - deyə akademik vurğulayıb. Yaqub Mahmudov Heydər Əliyevin Yeni Azərbaycanın və Azərbaycan tarixinin qurucusu, Yeni Azərbaycan Partiyasının banisi olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir.
“Bir sıra tarixi şəxsiyyətlər qurtuluş mübarizəsinə öz vətənlərində başlayıblar, Heydər Əliyev isə təqib olunduğu, ali vəzifədən uzaqlaşdırıldığı vaxtlarda Moskvada, imperiyanın paytaxtında mübarizəyə başladı”, - deyə o qeyd edib. Yaqub Mahmudov Ümummilli Liderin öz zəkasının gücünə sovet sisteminin rəhbərlərinin biri səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi gündəmə gəldi, daxili ixtişaşlar başladı. O vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və bugünkü Azərbaycanı yarada bildi. Qeyd edib ki, Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən fərqi o idi ki, onun hərbi qüvvəsi, maliyyə imkanı yox idi. Lakin onun dövlətçilik təcrübəsi, bacarığı var idi və sovet sistemini dərindən bilirdi, onlara qarşı necə mübarizə aparmalı olduğunu da bilirdi. Heydər Əliyev qədim və müasir dövlətçiliyimizi ən uca zirvəyə yüksəldən tarixi şəxsiyyət olub. Rusiyada qabaqcıl ziyalılar Ümummilli Lideri hakimiyyət ustası adlandırırdılar.
O, Azərbaycan ərazisinin guya ermənilərə məxsus olduğunu göstərmək üçün onlar tərəfindən görülən məkirli tədbirlərdən, çap olunan yalançı atlaslardan bəhs edib. Akademik bu yalanların qarşısını almaq məqsədilə Ulu Öndərin gördüyü tədbirlərdən danışıb. Yaqub Mahmudov Heydər Əliyevin İrəvan xanlığının tarixini yazılması, ümumiyyətlə, Azərbaycanın son 200 illik tarixinin yazılması üçün tapşırıqlar verdiyini qeyd edib.

Tehsil-press.az




Oxşar xəbərlər