Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair respublika elmi-praktik konfransı

Azərbaycanın müasir inkişafının coğrafi məsələlərinə dair respublika elmi-praktik konfransı Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın müasir inkişafının coğrafi məsələləri: Böyük Qayıdış, qlobal inteqrasiya və regional inkişaf” mövzusunda tələbə, magistr və gənc tədqiqatçıların respublika elmi-praktik konfransı keçirilib.
Tədbirdə Coğrafiya fakültəsinin TEC sədri İmran Bayramov Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, elm və təhsil sahəsinə qayğısından danışıb. Sonra fakültə TEC-in fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Məqsəd Qocamanov tələbə və gənc tədqiqatçıların elmi araşdırmalara marağının yüksək olmasına diqqət çəkərək, bu sahədə görülən işlər, tələbə elmi dərnəklərinin fəaliyyəti barədə məlumat verib, elm ilə təhsilin inteqrasiyasından söz açıb.
Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Əfqan Talıbov konfransa Coğrafiya fakültəsi ilə yanaşı, BDU-nun digər fakültələri, ölkənin ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarından məqalə və tezislərin qəbul olunduğunu diqqətə çatdırıb.
Konfransın plenar iclasında Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri professor Aydın İbrahimov, Hidrometeorologiya kafedrasının müdiri dosent İmran Abdullayev, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri dosent Saleh Nağıyevin çıxışları dinlənilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin siyasi kursundan, müstəqillik illərində Azərbaycan Respublikasında qazanılan uğurlardan söz açaraq, müasir dövrdə qlobal inteqrasiya və regional inkişaf məsələlərinə toxunublar.
Sonra tələbə və magistrantların məruzələri dinlənilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs magistrantı Əmanət Abbaslı “Şuşa şəhərinin mövcud turizm potensialının inkişaf etdirilməsində problemlər və onların həllində animasiyanın rolu”, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs magistrləri Məlahət Qocayeva “Azərbaycanın ekoloji problemlərinin təhlili”, Kəmalə Məmmədova “Lənkəran rayonunun əsas qida ehtiyatlarının qiymətləndirilməsi” adlı məruzələrlə çıxış ediblər.
Məruzələrdə Qarabağ və Şərqi Zəngəzurun təbii, mineral və xammal ehtiyatları, turizm potensialı, onların iqtisadiyyatın dayanıqlı inkişafına təsiri qiymətləndirilib. Həmçinin şəhər və kəndlərdə ətraf mühitə təsir edən amillər, onların qiymətləndirilməsi və ekoloji problemlərlə mübarizə tədbirləri barədə məlumat verilib, Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonda “Ekvatordan qütblərə” elmi-populyar jurnalının və “Azərbaycan coğrafiyası” kitabının təqdimatı keçirilib, konfransda fərqlənən iştirakçılara sertifikatlar təqdim olunub.
Konfrans öz işini bölmələr üzrə davam etdirib.

Tehsil-press.az



Oxşar xəbərlər