“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” – konfrans

“Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” – konfrans Azərbaycan Texniki Universiteti (AzTU) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Azərbaycanın müdafiə sənayesinin təşəkkülü və inkişaf mərhələlərindən bəhs edən “Atəşdən yoğrulanlar” sənədli filmi nümayiş olunub.
AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Respublikada güclü kadr potensialı yaratmaq Ulu Öndərin strateji hədəflərindən idi. Ölkəyə rəhbərliyinin ilk illərində gəncləri keçmiş Sovet İttifaqının aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərməsi Ümummilli Liderin ali təhsil sahəsindəki məqsədyönlü və uğurlu siyasətinin bariz nümunəsi idi.
MSN-in şöbə müdiri, əməkdar mühəndis Məmmədsaleh Əliyev dünyaşöhrətli siyasi xadim Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müdafiə sənayesinin yaradılmasındakı misilsiz xidmətləri barədə ətraflı məlumat verib, müasir dövrdə dahi rəhbərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğını, son illərdə əldə olunan nailiyyətləri xüsusi qeyd edib. Nazirlikdə müdafiə sənayesi sahəsi üzrə ixtisaslı və peşəkar kadrların hazırlığı məsələsinin prioritet vəzifə kimi qarşıya qoyulduğu diqqətə çatdırılıb.
Daha sonra çıxış edən AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin dekanı Elçin Rzayev, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri Ələkbər Hüseynov, Xüsusi təyinatlı material və vasitələr kafedrasının müdiri Rasim Bəşirov, Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov, Xüsusi texnika və texnologiya fakültəsinin magistr tələbəsi Amin Mamedov Ulu Öndər Heydər Əliyevin ölkədə müdafiə sənayesinin qurulmasında gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir, ölkəmizin müdafiə təyinatlı məhsullarının şöhrəti artıq dünyada geniş yayılmaqdadır.
Bildirilib ki, regionda müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsi olan AzTU müvafiq istiqamətdə MSN-lə sıx əməkdaşlıq edir.

Tehsil-press.az


Oxşar xəbərlər