AzTU-nun məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərinə təyinat alıblar

AzTU-nun məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərinə təyinat alıblar Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin məzunlarının Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işlə təmin olunması üçün yaradılan seçim komissiyasının iclası keçirilib.
İclasda universitetin rektoru, professor Vilayət Vəliyev məzunları təbrik edib və müasir texnologiyaların istehsalatda tətbiqində gənclərə uğurlar arzulayıb. Rektor fakültədə dünya standartlarına uyğun texnologiyaların tədrisi ilə bağlı yeniliklərdən, bu sahədə universitetdə yaradılacaq tədqiqat laboratoriyalarından və fakültənin doktorantlarına yaradılacaq şəraitdən danışıb.
Vilayət Vəliyev fakültənin fəaliyyətində ciddi dəyişikliklər olacağını və gələcək inkişafı üçün mühüm addımların atılacağını bildirərək müxtəlif təcrübə bazaları ilə əlaqələrin genişləndiriləcəyini vurğulayıb.
İclasda fakültənin məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işləmək üçün xüsusi təyinat alıblar. Məzunların əksəriyyəti hərbi xidmətə getdikləri üçün komissiyanın bu seçimində onların işlə təmin edilməsi mümkün olmayıb. Lakin AzTU və Müdafiə Sənayesi Nazirliyi həmin məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaratmaq niyyətindədir.
Qeyd edək ki, seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri və universitetin professor-müəllim heyəti daxildir.

AzTU-nun Mətbuat Xidməti


Oxşar xəbərlər