Sosial Xidmətlər Agentliyinin əməkdaşları Azərbaycan Universitetində görüş keçirib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları  Azərbaycan Universitetində görüş keçirib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil
alan III, IV kurs tələbələri və yeni məzunları ilə görüşüblər. “Karyeranızın ilk addımlarını bizimlə atın” adlı tədbirdə iştirakçılara Sosial Xidmətlər Agentliyinin fəaliyyəti və agentlikdə karyera imkanları haqqında məlumat verilib.
Tədbiri Sosial işin təşkili kafedrasının müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva açaraq qonaqları tələbələrə təqdim edib. Kafedra müdiri qeyd edib ki, tədbir universitet ilə
agentlik arasında imzalanan memorandum çərçivəsində təşkil olunub.
Ardınca agentliyin İnsan resursları departamentinin əməkdaşı Ülkər Şahbazova çıxış edərək, qurumun əsas fəaliyyət istiqamətləri, vəzifələri, xidmət subyektləri,
Sosial iş ixtisasının əhəmiyyəti, karyera araşdırmasının mərhələləri, karyera planlaması və üstünlükləri, karyera yolunda diqqət edilməli olan məqamlar, Cv-
nin tərtibi qaydaları və bu kimi mövzulara toxunub.
Agentliyin İnsan resursları departamentinin daha bir əməkdaşı Elgül Ağarzayeva isə çıxışında şəxsiyyətin temperament tipləri, ixtisas-şəxsiyyət uyğunluğu,
temperament tiplərinin ixtisas seçimi ilə uyğunluğu haqqında məlumat verib.
Son olaraq Sosial Xidmətlər Agentliyinin Səyyar sosial-psixoloji xidmət departamentinin baş mütəxəssisi, Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə 2013-cü il məzunu Musa Əmrahov çıxış edib. Baş mütəxəssis, gələcəkdə tələbələrin iş prosesində qarşılaşa biləcəyi müxtəlif situasiyalar haqqında danışıb və real keys təqdim edib.
İnteraktiv formatda davam edən görüşdə qonaqlar auditoriyaya maraqlı olan sualları da cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər