Turizm və Menecment Universitetində “Karyera həftəsi” başa çatıb

Turizm və Menecment Universitetində “Karyera həftəsi” başa çatıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Karyera həftəsi” təşkil edilib.
ATMU-nun tələbə və məzunları üçün təşkil olunun tədbirdə müvafiq müəssisələrin nümayəndələri mövcud iş yerləri, təcrübə, könüllülük fəaliyyəti, bilik və bacarıqların əhəmiyyəti və tətbiq imkanları barədə məlumat veriblər.
“Saffron Restoranlar Qrupu”nun insan resursları üzrə layihə meneceri Səadət İsmayılova, marketinq üzrə meneceri Aysel Cəbrayılova, mütəxəssis Solmaz Hüseynova təmsil etdikləri şirkətin fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlər və quruma aid restoranlar şəbəkəsindən söz açıblar.
“Hilton Baku” hotelinin insan resursları üzrə meneceri Xəyalə Əsgərzadə və mütəxəssis Aynur Ağayeva tərəfindən aparılan təlimdə hotelin daxili və xarici fəaliyyətini şərtləndirən başlıca göstəricilər, iş, təcrübə imkanları və s. məsələlərdən bəhs edilib. Tələbələr, həmçinin hoteldə iş prosesi, vakansiyalar, təcrübə proqramları, tələbələr üçün yaradılan başlıca imkanlar, işəqəbul və təcrübə prosesində nəzərəçarpan yeniliklər barədə məlumatlandırılıb.
“Karyera həftəsi”nin daha bir iştirakçısı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Elçin Cəfərov olub. O, “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda çıxış edərək dövlət qulluğuna hazırlaşan və gələcəkdə peşə fəaliyyətini bu istiqamətə hədəfləyən tələbə və məzunlara məsləhətlərini verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İnsan resurslarının idarə edilməsi və təlim departamentinin şöbə müdiri Solmaz Həsənovanın “Könüllü DOST proqramı” mövzusuna həsr olunan çıxışı tələbələr tərəfindən maraqla qarşılanıb.
Təlimin sonunda tələbələrə müəssisə tərəfindən hədiyyələr, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında bukletlər təqdim olunub.
“Karyera həftəsi” çərçivəsində Azərbaycan Beynəlxalq Bankın (ABB) şöbə müdirləri Hüseyn Sadıxov və Orxan Əliyev bank tərəfindən yaradılan təcrübə proqramları, iş imkanları, burada çalışmağın üstünlükləri, “ABB Tech Academy”, bankın likvid vəsaitlərinin idarə olunması, korporativ müştərilərə yeni məhsulların təqdimatı, valyuta mövqeyinin idarə olunması və s. barədə məlumat veriblər. İştirakçılar, həmçinin iş təcrübələrini bölüşüb, tələbələrin CV yazılması, uğurlu karyera qurmaq üçün tələb olunan səriştələrlə bağlı suallarını cavablandırıblar.
Sonda ATMU və iştirakçı şirkətlər arasında təcrübə və iş imkanları, ustad dərsləri, habelə təlimlərin keçirilməsinə dair qarşılıqlı razılıq əldə olunub.
Təlimlərdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova, mütəxəssis Lalə Qafarova, Biznes idarəçiliyi, Turizm və qonaqpərvərlik, Sosial menecment fakültəsinin tələbə və məzunları iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər