Pedaqoji Universitet və Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Pedaqoji Universitet və Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
Rektor Cəfər Cəfərov bu il ali təhsil müəssisəsinin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, yubiley həm də hazırkı dövrə qədər əldə olunan nəticələrin ümumiləşdirilməsi, bu bünövrə üzərində çağdaş dövrün tələblərinə uyğun yeni yanaşmaların tətbiq edilməsi üçün tarixi fürsətdir. Cəmiyyətin müasir inkişafı fonunda sosial çağırışlara cavab verəcək kadrların yetişdirilməsi xüsusi önəm daşıyır. Bu baxımdan universitetlə agentliyin əməkdaşlığı elmi-təcrübi və praktik baxımdan olduqca önəmlidir. Hazırda ADPU-nun Tarix və coğrafiya fakültəsində sosial iş, Məktəbəqədər təhsil fakültəsində isə Təhsildə sosial-psixoloji xidmət ixtisaslarına müvafiq olaraq sosial sahə üçün mütəxəssis hazırlığı həyata keçirilir. Habelə ötən ildən ADPU-da bütün ixtisaslar üzrə bakalavrlar yeni hazırlanan proqramlar əsasında təhsil alırlar. Əməkdaşlıq bu və digər ixtisasların tələbələri üçün yeni təlim-təcrübə ilə yanaşı, Agentlik üçün də kadr potensialı və elmi-təcrübi, tədqiqi əməkdaşlıq baxımından faydalı olacaq.
Agentliyin idarə heyətinin sədri Vüqar Behbudov bildirib ki, rəhbərlik etdiyi qurumda sosial və psixo-sosioloji reabilitasiya tədbirləri həyata keçirilir və artıq 29 filial və 13 sosial xidmət müəssisəsi ilə vətəndaşların xidmətindədir. Postmüharibə dövrü üçün qəbul edilmiş yeni sosial paketin həyata keçirilməsində Agentlik də yer alır. Bütün bu ehtiyaclara cavab vermək üçün qurum gənclərlə işə xüsusi əhəmiyyət verir. İmzalanan memorandum bu istiqamətdə gənc kadrların hazırlanmasına şərait yaradır.
Daha sonra imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edənlərdən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, Fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi Vüsal Abdullayev və Sosial Xidmətlər Agentliyinin sosial müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva bildiriblər ki, prosesin effektiv icrası və hesabatlılığı üçün işçi qrupun yaradılması, eyni zamanda, digər əlaqədar ixtisaslardan olan tələbələrin də təcrübə, təlim və konfranslara cəlb olunması, sosialoji kursların yaradılması, sosial xidmət sahəsində ortaq tədqiqatların aparılması vacib məsələlərdəndir. Bu sahədə ADPU-nun çoxillik təcrübəsi, ölkə üzrə ən böyük şəbəkəyə malik olması, ali məktəblər üçün sosial iş sahəsində ilk dərsliyin burada hazırlanması da önəmli faktorlardır.

Tehsil-press.az


Oxşar xəbərlər