“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” VI beynəlxalq konfrans keçirilib

“Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” VI beynəlxalq konfrans keçirilib Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” adlı VI beynəlxalq elmi-praktik konfrans işə başlayıb. Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Beynəlxalq konfransı giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov açaraq ölkə turizminin inkişafı ilə paralel olaraq bu sahədə təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini vurğulayıb. Ölkəmizdə turizmin inkişafında Ulu Öndərin xidmətlərini xüsusi qeyd edən rektor ikigünlük konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçının məruzəçi qismində iştirak etdiyini söyləyib, beynəlxalq tədbirin işinə uğurlar arzulayıb.
Konfransda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Fuad Nağıyev videomüraciətində bu il müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən silsilə tədbirlərin icra olunduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, ilin əvvəlindən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ xizəyi yarışları, Ağdam rayonunda ağacəkmə aksiyası, o cümlədən ATMU-nun tələbələrinin və gənclərin iştirakı ilə fləşmob keçirilib. “Heydər Əliyev və turizm” sənədli filminin, eləcə də eyniadlı kitabın üzərində işlərə başlanıldığını qeyd edən Fuad Nağıyev payız aylarında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş turizm sammitinin keçiriləcəyini, həmçinin il ərzində bu kimi silsilə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Milli Məclisin deputati Musa Qasımlı, professor İlham Məmmədzadə və digər çıxış edənlər konfransın əhəmiyyətini vurğulayıb, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə turizmin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıblar. Çıxış edənlər “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda VI beynəlxalq konfransın ölkəmizdə turizmin inkişafının elmi baxımdan müəyyənləşdirilməsinə və proqramlaşdırılmasına töhfə verəcəyini qeyd ediblər.
Konfransın plenar iclasında ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov “Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. B.Bilalov məruzəsində Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, ölkənin elm, mədəniyyət, iqtisadiyyat, turizm, səhiyyə və digər sahələrinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkədə turizmin inkişafına təkan verən bir sıra qərar və dövlət proqramları qəbul olunub, müvafiq fərman və sərəncamlar imzalanıb. Ölkəmizdə turizmin normativ-hüquqi bazası ötən əsrin 70-ci illərinin ikinci yarısından formalaşmağa başlayıb. Ulu Öndər Azərbaycanı ümumittifaq əhəmiyyətli rekreasiya-turizm mərkəzinə çevirmək istəyirdi. Dahi rəhbərin təşəbbüsü ilə həmin dövrdə Azərbaycanda qəbul edilən mühüm qərarlar, həyata keçirilən islahatlar həm daxili, həm də xarici turizmin inkişafına geniş imkanlar yaradırdı. Vurğulanıb ki, Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra aparılan irimiqyaslı islahatlar nəticəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik təmin edildi, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının bünövrəsi qoyuldu. Ulu Öndərin tapşırığı ilə “Turizm haqqında” Azərbaycan Respublikası Qanunu hazırlandı və 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildi. Müstəqil respublikamızda 2001-ci ildə ilk dəfə olaraq 27 sentyabr - Ümumdünya Turizm Günü qeyd olundu.
Tədbirdə xarici ölkə alimlərinin “Akademik ədəbiyyatda turizm və qida tullantıları arasındakı əlaqənin yeri: “ Web of Science” əsasında”, “Qırğızıstanda sanatoriya-kurort turizminin inkişafının sosial-iqtisadi problemləri”, “Peşəkar turizm təhsilinin müasir kompetensiyayönümlü modeli”, “Coğrafi turizm: turizm sənayesində yeni elmi və praktik istiqamət (Özbəkistanın timsalında)”, “Qonaqpərvərlik sənayesinin xidmət problemləri və sosial qəbulun xidmət keyfiyyətinə təsiri” mövzularında məruzələri dinlənilib.
Sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Ulu Öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasında rolu, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və Azərbaycan regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsi və turizmlə əlaqədar müxtəlif mövzuları ehtiva edən məruzələr dinlənilib.
Beynəlxalq konfrans mayın 6-dək davam edəcək.

Tehsil-press.az



Oxşar xəbərlər