ATMU-da “Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişafı problemləri” mövzusunda müzakirələr aparılıb

ATMU-da “Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişafı problemləri” mövzusunda müzakirələr aparılıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali məktəbin Elm və innovasiya şöbəsinin, Mehmanxana və restoran biznesi kafedrasının, həmçinin Xəzəryanı ölkələrin Dövlət Universitetləri və Elmi-tədqiqat Mərkəzlərinin Assosiasiyasının birgə dəstəyi ilə “Xəzəryanı ölkələrdə multikultural dəyərlər və turizmin inkişafı problemləri” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirilib.
Konfransın plenar iclasını ATMU-nun rektoru İlham Mədətov açaraq beynəlxalq tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edilib ki, konfransın təşkil edilməsində məqsəd müasir dövrdə turizm və qida təhlükəsizliyinin müxtəlif sahələrində qarşıya çıxan problemlərin aradan qaldırılması, o cümlədən regionların inkişafına təkan verən yeniliklərin multikultural dəyərlər çərçivəsində müzakirəsini gündəmdə saxlamaqla həlli yollarına mütəxəssis mövqeyindən münasibət bildirməkdir.
Tədbirdə Türkiyənin Anadolu Universitetinin Turizm fakültəsinin dekanı Oktay Emir, Cənubi Ural Dövlət Universitetinin Turizm və sosial-mədəni xidmətlər kafedrasının müdiri Tatyana Tretyakova, ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyevin və digər iştirakçıların çıxışları maraqla qarşılanıb.
Plenar iclasdan sonra konfrans işini “Xəzəryanı ölkələrdə turizm və qonaqpərvərlik sənayesi üçün kadr hazırlığı”, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm infrastrukturunun inkişaf istiqamətləri. Azərbaycan turizm destinasiyası kimi”, “Multikultural dəyərlər və dayanıqlı inkişaf”, “Qida sənayesi və qida təhlükəsizliyi”, “Qida məhsullarının istehsalı və saxlanılması”, “Qidalanma xidməti” bölmələri üzrə davam etdirib.
Beynəlxalq tədbirə Türkiyə, Rusiya, Qazaxıstan, Macarıstan, Bolqarıstan, Türkmənistan və Özbəkistandan iştirakçılar məruzələri ilə qatılıblar. Konfransda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti, Gəncə Texnologiya Universiteti, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, həmçinin Hotellər və Restoranlar Assosiasiyasının nümayəndələri də təmsil olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər