Aşqarlar Kimyası İnstitutunun YT Parkda həyata keçirdiyi elmi işlərin icra vəziyyəti müzakirə edilib

Aşqarlar Kimyası İnstitutunun YT Parkda həyata keçirdiyi elmi işlərin icra vəziyyəti müzakirə edilib Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlərə də geniş yer verilir. Təkcə ötən il ərzində 37 patent alınıb, 20 patent haqqında ilkin müsbət qərar çıxarılıb. Bu il alınmış patentlərin sayı isə hələlik 7-yə bərabərdir.
İnstitut əməkdaşlarının müəllifi olduğu kommersiya potensiallı ixtira patentlərinin Yüksək Texnologiyalar Parkında (YT Park) reallaşdırılması davam etməkdədir. Texnoparkda institutda aparılan tədqiqatların nəticəsi olan müxtəlif motor və sürtkü yağları, soyuducu mayelər və digər məhsulların alınması üsulları ilə bağlı patent layihələri həyata vəsiqə qazanır. Ölkəmizin real iqtisadi inkişafına xidmət edən bu işlərin icra vəziyyəti və perspektiv planlarını müzakirə etmək üçün AKİ rəhbərliyi YT Parkda görüş keçirib.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, AKİ-nin əsas elmi fəaliyyət istiqaməti ölkə üçün strateji məhsul sayılan sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksəkkeyfiyyətli sürtkü yağlarının və xüsusi mayelərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, eləcə də fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparmaqdan ibarətdir.
Onun sözlərinə görə, YT Park və H.Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan sürtkü yağları və digər sürtkü materiallarının istehsal texnologiyaları, istehsal və istehlakını təmin edən normativ-texniki sənədlər institut tərəfindən işlənilib. İnstitut bu məhsulların istehsalının təşkili və sınaqlarının aparılmasında qeyd olunan müəssisələrə elmi-texniki dəstək verir.
Qeyd edilib ki, son 5-6 ildə Parkın əsas rezidentlərindən biri olan Təcrübə-Sənaye Zavodu üçün yaradılıb, texniki şərtləri işlənilmiş və istehsalı təşkil olunmuş müxtəlif təyinatlı sürtkü yağlarının çeşidlərinin sayı 19 adda olub. Eyni zamanda, 6 adda sürtkülər istehsal olunmaqdadır.
Sonra YT Parkın baş direktoru Vasif Abbasov rəhbərlik etdiyi qurumun rezidenti olan Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və istehsal edilən sürtkü materiallarının respublikanın bir sıra təşkilatları tərəfindən istifadə olunduğunu diqqətə çatdırıb.
V.Abbasov hazırda AKİ ilə birlikdə xüsusi texnika üçün xüsusi təyinatlı yağ və eləcə də plastik sürtkülərin yaradılması və istehsalının təşkili ilə əlaqədar 2 xüsusi proqram icra olunduğunu, əldə olunan elmi nəticələrin patentləşdirildiyini, yaradılan yağın xüsusi təyinatlı müəssisədə uğurla sınaqdan keçirildiyini və istehsalı həyata keçirəcək texnoloji qurğularda tamamlanma işlərinin aparıldığı qeyd edib.
Görüşdə iştirak edən AKİ-nin icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev və YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun icraçı direktoru kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov çıxış edərək elm-təhsil-innovasiya əlaqələrinin genişləndirilməsi üçün perspektiv hesab olunan məsələlər, konkret layihələr haqqında fikirlərini bildiriblər.
Sonra nümayəndələr YT Parkda alınan sürtkü materialların istehsal prosesi ilə tanış olublar və istifadəyə veriləcək texnoloji qurğulara baxış keçiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər