“Eynəyimi taxıb məni parodiya edirlər...” - Məleykə Abbaszadə

“Eynəyimi taxıb məni parodiya edirlər...” - Məleykə Abbaszadə “Qızlarım balaca olanda bayramlarda şirniyyatları özüm bişirirdim. O vaxt hər istəyəndə gedib şirniyyat almaq olmurdu. Həmçinin mağazalarda ərzaq qıtlığı da var idi”.
Bunu Təhsil TV-nin “İmtahan” verilişinin qonağı olan Dövlət imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məktəblilərin suallarını cavablandırarkən deyib.
Bayramlardan ən çox Novruz bayramını sevdiyini deyən DİM sədri hazırda vaxt məhdudiyyətinə görə şirniyyat bişirmədiyini bildirib: “Universal şirniyyat reseptim var idi. Məsələn, soyuducunu açırdım, görürdüm ki, qatıq qıcqırmaq ərəfəsindədir və ya kəsmik istifadə olunmalıdır. Soyuducuda nə var idisə, onları qatıb bişirirdim. Hərdən elə alınırdı ki, qızlarımın xoşlarına gəlirdi və deyirdilər ki, dünən bişirdiyimi təkrar hazırlayım.
Novruz bayramı bizdə təntənə ilə qeyd olunurdu. Nənəm bizi şirniyyat bişirməyə yönəldirdi. Sonradan bayramda şəkərburaya naxışlar vururdum, qızlarıma bunu öyrədirdim. Hələ ki nəvələrimlə şirniyyat bişirməmişəm, düzü buna vaxtım yoxdur”.
DİM sədri, həmçinin nəvələrinin onu parodiya etdiklərini deyib: “Eynəyimi taxıb məni parodiya edirlər. Hesab edirəm ki, insan zarafatı qiymətləndirməyi bacarmalıdır”.

Tehsil-press.az


Oxşar xəbərlər