Riyaziyyatçı alimlər akademik Azad Mirzəcanzadənin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

Riyaziyyatçı alimlər akademik Azad Mirzəcanzadənin 95 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər Ufa Dövlət Neft-Texniki Universitetində (UDNTU) Azərbaycan Milli Elmlər Akademiyasının və Başqırdıstan Elmlər Akademiyasının həqiqi üzvü, mexanika, texnika, texnologiya, neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində elmi məktəbin banisi Azad Mirzəcanzadənin 95 illik yubileyinə həsr olunmuş “Neft və qaz yataqlarının işlənməsi və texnoloji proseslərin modelləşdirilməsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Gənc alim, müəllim, aspirantlar, neft və qaz sənayesi üzrə mütəxəssislər üçün təşkil olunan tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları - Maye və qaz mexanikası şöbəsinin müdiri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qeylani Pənahov və texnika elmləri namizədi, dosent Eldar Abbasov iştirak ediblər.
Konfransda Q.Pənahov məruzə ilə çıxış edərək akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafında mühüm rolundan danışıb, onun mexanika, tətbiqi riyaziyyat, neft-qaz sahəsində nəzəri və praktik məsələlərin həllində yaratdığı elmi məktəbin əhəmiyyətini vurğulayıb.
Q.Pənahov və E.Abbasov alimlərimizin Başqırdıstan elm və təhsilinə verdiyi töhfələrlə əlaqədar UDNTU-da Azərbaycanın adını daşıyan elmi auditoriyanın açılışında iştirak ediblər.
Tədbir iştirakçıları akademik Azad Mirzəcanzadənin hər il beynəlxalq seminar keçirdiyi Enerji Ehtiyatlarının Nəqli Problemləri İnstitutunun divarına həkk olunmuş xatirə barelyefinin açılışında iştirak ediblər.
Q.Pənahov, eyni zamanda, Başqırdıstanın dövlət televiziyasına müsahibə verərək Bakı və Ufa alimləri arasında elmi-texniki əməkdaşlığın mühüm aspektlərini qeyd edib. O, Azərbaycan-Başqırdıstan elmi-texniki əlaqələrinin inkişafındakı xidmətlərinə görə Başqırdıstan Elmlər Akademiyasının diplomu ilə təltif olunub.

Tehsil-press.az



Oxşar xəbərlər