Nazarbayevin nəvəsinin qaynatası 200 milyon dollara yaxın əmlakını könüllü olaraq dövlətə qaytarıb

Nazarbayevin nəvəsinin qaynatası 200 milyon dollara yaxın əmlakını könüllü olaraq dövlətə qaytarıb Qazaxlı iş adamı Kayrat Boranbayev könüllü olaraq 90 milyard tengedən (195,4 milyon dollar) çox olan aktivlərini dövlətə qaytarıb. Onların arasında neft yatağı, qazpaylayıcı şirkət, xidmət müəssisəsi, mehmanxana və ticarət-əyləncə kompleksləri, fitnes mərkəzləri şəbəkəsi, ofis binaları və digərləri var. Bu barədə Qazaxıstan Respublikasının Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Boranbayev həmçinin Təhsil İnfrastrukturuna Dəstək Fonduna 30 milyard tenge (65 milyon dollar) köçürüb.
"Bütün bu obyektlər dövlət orqanlarının və şirkətlərin balansına veriləcək və vəsaitlər təhsil infrastrukturunun inkişafına yönəldiləcək", - deyə məlumatda vurğulanır.
Agentlik xatırladıb ki, daha əvvəl iş adamı təbii qazın idxalı zamanı vəsaitlərin oğurlanması ilə bağlı aparılan istintaq çərçivəsində 14,5 milyard tenge (31,5 milyon dollar) məbləğində dəymiş ziyanı ödəyib.
Kairat Boranbayev Qazaxıstanın ən zəngin və nüfuzlu 50 iş adamı sırasında idi. Onun qızı keçmiş prezident Nursultan Nazarbayevin 2020-ci ilin avqustunda dünyasını dəyişən nəvəsi Aysultanla evlənib. Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidməti 2022-ci il martın 17-də Boranbayevin saxlanılması və həbsi barədə məlumat yayıb. İş adamı kvazi-dövlət sektorunda xüsusilə külli miqdarda vəsait mənimsəməkdə ittiham olunub.
Bu ilin martında Astana şəhərinin 2 saylı Sarıarkinski rayon məhkəməsi Boranbayevi 8 il müddətinə azadlıqdan məhrum edib. İş üzrə digər iki təqsirləndirilən şəxs – “AsiaGazChundzha” şirkətinin baş direktoru Roman Naxanov və QazaqGaz-ın idarə heyətinin keçmiş sədr müavini Tair Januzak da 8 il həbs cəzası alıb. Onların hamısı qazın milli şirkətə yenidən satılması zamanı 14,5 milyard tengenin oğurlanmasında təqsirli biliniblər.
Ötən ilin yayında cinayət işləri üzrə məhkəmə kollegiyası qazın qiymətini göstərən sənədin əsli olmadığı üçün Boranbayev və digər təqsirləndirilən şəxslərin barəsində çıxarılmış hökmü ləğv edib. İşə apellyasiya məhkəməsində baxılacağı gözlənilir.
Xatırladaq ki, Qazaxıstanda bu yaxınlarda qəbul edilən qanuna görə yerli iş adamları hüquqi mənşəyini sübut edə bilmədikləri əmlakı dövlətə qaytara bilərlər. Aktivlərin könüllü açıqlanması və qaytarılması halında sahibkar bütün növ məsuliyyətdən azad edilir.

Tehsil-press.az


Oxşar xəbərlər