ADU-da Çin filosofu Konfutsinin doğum günü bayram tədbiri ilə qeyd olunub

ADU-da Çin filosofu Konfutsinin doğum günü bayram tədbiri ilə qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi İnstitutları Günü, eləcə də qədim Çin mütəfəkkiri və filosofu Konfutsinin ad gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə qonaqlara Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, “Bir kəmər, bir yol” Çin təşəbbüsünün həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verilib. Professor Rafiq Abbasov iştirakçıları direktoru olduğu Konfutsi İnstitutunun Çin dili və mədəniyyətinin məşhurlaşması üzrə fəaliyyəti, ADU-nun rəsmi tərəfdaşı sayılan Xuçjou Universitetinin təhsil sahəsindəki əlaqələri, Çin dili kurslarına qəbul və tədris qaydaları, Çində təcrübə və tədrisin müxtəlif proqramları ilə tanış edib. R.Abbasov Azərbaycanda ibtidai və orta məktəblərdə Çin dilinin tədrisi və Çin mədəniyyətinin təbliği ilə bağlı Konfutsi İnstitutunun planlarından, Konfutsi həyatının tarixindən, Konfutsi elminin inkişafının əsas mərhələlərindən, kateqoriyalarından və prinsiplərindən, konfutsiçiliyin etik-siyasi təlimlərindən, konfutsiçiliyin müasir Çinin təhsil və elminin inkişafına təsirindən bəhs edib. O, həmçinin Konfutsinin təhsilə, təbiətlə insan arasındakı harmoniya anlayışına və müstəqil düşüncənin inkişafına dair məşhur kəlamlarını xatırladıb.
Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, Çin kağız kəsimi və incəsənəti, Çin şahmatı, düyün vurulması sənəti sahələrində ustad dərsləri keçiriblər. ADU-nun tələbələrinin ifasında ənənəvi Çin mahnıları səsləndirilib, Çin rəqsləri və gimnastikası Tay ciçuan elementləri nümayiş etdirilib. Bayram çərçivəsində ənənəvi Çin oyunları keçirilib. Sonda ənənəvi Çin çay mərasimi təşkil edilib. Qonaqlara ənənəvi bayram yeməyi – evdə firavanlıq və xoşbəxtlik rəmzi sayılan Ay şirniyyatı təqdim olunub.
Seminar Konfutsinin kəlamlarına dair viktorina ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər