Bakıdakı Rus evində Müəllimlər Günü qeyd edilib

Bakıdakı Rus evində Müəllimlər Günü qeyd edilib Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakıdakı Rus evində Müəllimlər Günü qeyd olunub.
Tədbirdə ümumtəhsil məktəblərinin, liseylərin, gimnaziyaların, paytaxtın və Azərbaycanın rayonlarının ali təhsil müəssisələrinin müəllimləri toplaşıblar.
Bayramın qonaqlarını Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi Pavel Kuznetsov salamlayıblar.
Müəllimlər İrina Amelina, Təranə Abbasova və Yuliya Semyonovanın iştirakı ilə Avropa Liseyinin şagirdləri tərəfindən müəllimlərə və məktəbə ünvanlanan şeirlər, mahnılar səsləndirilən zəngin bayram proqramı hazırlanıb.
Tədbir Azərbaycan Rəssamlar İttifaqının üzvü, Avropa Liseyinin təsviri sənət müəllimi Sevinc Hüseynovanın müəllifi olduğu “Müəllimlərimizin istedadları” sərgisi ilə davam etdirilib. Tədbirin bütün iştirakçılarına təşəkkürnamələr təqdim olunub.
Azərbaycan Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina tədbirə yekun vurub.

Tehsil-press.az


Oxşar xəbərlər