Amerikalı professor AzMİU tələbələrinə bir il dərs keçəcək

Amerikalı professor AzMİU tələbələrinə bir il dərs keçəcək Sentyabr ayından etibarən ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı çərçivəsində amerikalı mütəxəssis Karolin Lavoie Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində fəaliyyətə başlayıb.
ABŞ-ın Yuta Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması departamentinin professoru Karolin Lavoie Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunub. Fakültənin müəllim və tələbələrinə “Amerikanın yaşıl binalar təcrübəsi” mövzusunda dərslər, seminarlar, vörkşoplar və ustad dərsləri keçən mütəxəssis özünün bilik və bacarıqlarını onlarla bölüşür, təmsil etdiyi universitetdə həyata keçirilən layihələr haqqında detallı elmi-metodik məlumatlar verir.
Azərbaycanın tarixi abidələrinin tanıdılması məqsədlə amerikalı mütəxəssisin kafedranın əməkdaşları tərəfindən Qobustan Milli Tarixi-Bədii və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarına səfəri təşkil edilib.
Karoline Lavoie, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tələbələrlə birgə vörkşop keçirib. Tələbələr qoruğun ərazisində canlı tarixi mühit şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri analiz ediblər və həmin abidələrin eskizlərini çəkiblər.
Qeyd edək ki, amerikalı professor AzMİU-da bir il ərzində fəaliyyət göstərəcək. Bununla bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı tərəfindən qarşılanacaq.

Tehsil-press.az



Oxşar xəbərlər