AzMİU-da fotosərgi: Polşanın tarixi və memarlıq irsi

AzMİU-da fotosərgi: Polşanın tarixi və memarlıq irsi Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünya memarlığının şah əsərləri” fotolayihəsi çərçivəsində “Polşanın tarixi və memarlıq irsi” adlı sərgi keçirilib.
İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Polşanın ölkəmizdəki səfirliyinin təşkil etdiyi sərgidə azərbaycanlı fotoqraf Cəmşid Mustafayevin 18 maraqlı fotosu nümayiş olunub. Fotolarda Polşanın müxtəlif şəhərlərinin heyrətamiz tarixi və memarlıq inciləri əks olunub. Sərgidə Polşanın müxtəlif şəhər və qəsəbələrində yerləşən qala və tarixi-memarlıq abidələri maraqlı fərdi fotokompozisiya şəklində təqdim olunub. Ekspozisiyada fotoqrafın əsasən Varşava, Vroslav, Qdansk, Krakov və Katovitsedə çəkdiyi fotolar yer alıb.
Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov bildirib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdır.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova layihənin fərqli memarlıq nümunələrini öyrənmək, təbliğ etmək baxımından önəminə diqqət çəkib. Bildirilib ki, sərgi Polşa memarlığını dərindən mənimsəmək üçün AzMİU tələbələrinə, memarlıq üzrə professor-müəllim heyətinə unikal şərait yaradacaq. Rektor Polşa şəhərlərinin unikal və tarixi memarlığına diqqət çəkərək memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən danışıb.
Polşanın Azərbaycandakı səfiri Rafal Poborski belə tədbirlərin ölkələrimiz arasındakı əlaqələri gücləndirdiyini qeyd edib. Səfir əlavə edib ki, Polşa tarixinə, memarlıq irsinə göstərilən diqqət AzMİU-nu bu ölkə üçün daha cazibədar ali təhsil müəssisəsinə çevirəcək.

Tehsil-press.az




Oxşar xəbərlər