“Məzunlarımızı tanıyaq” layihəsi beş tələbəyə təcrübə və iş imkanı qazandırıb

“Məzunlarımızı tanıyaq” layihəsi beş tələbəyə təcrübə və iş imkanı qazandırıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “AzMİU Media”nın təşkilatçılığı ilə "Məzunlarımızı tanıyaq" layihəsi çərçivəsində ilk görüş keçirilib. Tələbələrlə ilk görüş AzMİU-nun Memarlıq fakültəsinin məzunu, peşəkar dizayner, “Re-Design” dizayn şirkətinin təsisçisi Tural Namazovla təşkil edilib.
Görüşdə THİK sədri Şahmar Rəfili çıxış edərək Tural Namazovu tələbələrə təqdim edib və "Məzunlarımızı tanıyaq" layihəsi haqqında məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində məzunlar tanıdılaraq, tələbələrlə əlaqələrinin qurulması üçün mühit formalaşdırılacaq, onların peşə motivasiyası yüksəldiləcək, həmçinin tələbələrə əlavə təcrübə və iş imkanları yaradılacaqdır.
Tural Namazov tələbəlik illərindən, müəllimlərindən danışıb, öz uğur hekayəsini və bu yolda qazandığı təcrübələrini bölüşüb, tələbələri universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çağırıb.
Tələbələrdə yüksək maraq doğuran görüş interaktiv formada davam edib.
Görüşdəki müzakirələrdə fəal iştirak edən 5 tələbə “Re-Design” şirkətində təcrübə keçmək və iş imkanı qazanıb.
Qeyd edək ki, "Məzunlarımızı tanıyaq" layihəsi çərçivəsində universiteti bitirmiş, hazırda uğurlu karyerası olan məzunlarımızın tələbələrlə görüşü təşkil olunacaq. Öz sahələri üzrə uğur qazanmış məzunlarımız təcrübələrini, əldə etdiyi nailiyyətlərini bölüşəcəklər. Bu yolla tələbələrin istehsalatla əlaqələri gücləndiriləcək.

Tehsil-press.az



Oxşar xəbərlər