“Azərkosmos” yerli universitetlərdə maarifləndirici sessiyalar keçirib

“Azərkosmos” yerli universitetlərdə maarifləndirici sessiyalar keçirib “Azərkosmos”un təşkilatçılığı ilə artıq ikinci ildir ki, oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçirilir. Bu il Ümumdünya Kosmos Həftəsi çərçivəsində “Azərkosmos” tərəfindən yerli universitetlərdə maarifləndirici sessiyalar keçirilib.
Bakı Mühəndislik Universitetində kosmik logistika və nəqliyyat bazarında lider “D-Orbit” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Stefano Antonetti kosmik sənaye üzrə dayanıqlı, o cümlədən səmərəli metodların əhəmiyyəti və kosmosun araşdırılması üzrə gələcək işlərin mahiyyətindən bəhs edib.
Növbəti tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycan diasporunu təmsil edən görkəmli alimlər – Mərkəzi Florida Universitetində fəaliyyət göstərən professor Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru Abdulla Sofiyev, İstanbul Texniki Universitetinin professoru Çingiz Hacıyev, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova ilə maraqlı görüş baş tutub.
Daha sonra Bakı Ali Neft Məktəbində kosmik mədən avadanlıqları və robotların istehsalını həyata keçirən “OffWorld” şirkətinin Avropa üzrə icraçı direktoru Kyle Acierno şirkətin strategiyası və robotların istifadə sahələri, ilk misirli astronavt Sara Sabri isə kosmosa səyahət haqqında iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Tehsil-press.az





Oxşar xəbərlər