Azərkosmos Azərbaycan Universitetində təqdimat keçirib

Azərkosmos Azərbaycan Universitetində təqdimat keçirib “Azərkosmos” ASC-nin əməkdaşları tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün “CanSat Azərbaycan-2018” (Azərbaycanda tələbə peyki) müsabiqəsinin təqdimatı keçirilib. Müsabiqənin cari tədris ilində yerli universitet komandaları arasında təşkil olunması nəzərdə tutulur.
“Azərkosmos” ASC-nin korporativ kommunikasiya departamentinin aparıcı mütəxəssisi Fidan Behbudova tələbələri Azərkosmos ASC-nin fəaliyyəti ilə tanış edib. Peyk mühəndisi Şamo Hümmətli beynəlxalq və yerli xarakterli “CanSat” müsabiqələri, həmçinin Azərbaycanın ilk “CanSat” komandası haqqında danışıb. Peyk operatoru Murad Məmmədov isə müsabiqənin texniki şərtləri, mərhələləri, müraciət və qeydiyyat qaydaları, qiymətləndirmə meyarları və qaliblərin mükafatlandırması haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, müsabiqənin məqsədi ölkəmizdə tələbə peyki layihələrinə marağın artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsidir.
Müsabiqədə hər universitet komanda şəklində iştirak edə bilər. Qalib gələn komanda Beynəlxalq “CanSat” müsabiqəsində iştirak hüququ qazanacaq. Uğurlu çıxış edən iştirakçılara “Azərkosmos”da təcrübə imkanları yaradılacaq.
Qeyd edək ki, kosmik texnologiyalar sahəsində universitet tələbələrinin motivasiya və inkişafına yönəlmiş beynəlxalq “CanSat” müsabiqəsi NASA, Amerika Astronomiya Cəmiyyəti (AAS), Amerika Aviasiya və Kosmik Elmlər İnstitutu, (AIAA) eləcə də kosmik sektorda aparıcı qurumların dəstəyilə 1998-ci ildən etibarən hər il keçirilir.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərkosmos Azərbaycan Universitetində təqdimat keçirib

Azərkosmos Azərbaycan Universitetində təqdimat keçirib

Oxşar xəbərlər