Vaşinqton Qafqazda sabitlik istəmir: ABŞ Azərbaycan-Ermənistan nizamlanmasına növbəti zərbəni vurdu - TƏHLİL

Vaşinqton Qafqazda sabitlik istəmir: ABŞ Azərbaycan-Ermənistan nizamlanmasına növbəti zərbəni vurdu - TƏHLİL ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi ABŞ-nin Azərbaycana münasibətdə ədalətsiz mövqeyinin növbəti təzahürü oldu.
Bu dinləmələrin absurdluğu elə adından bəlli idi. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmədə bir ölkənin ərazisi ilə bağlı məsələni müzakirə etmək ölkələrin suverenliyinə, beynəlxalq hüquqa ən böyük hörmətsizlikdir ki, Vaşinqton bunu özünə rəva gördü.
Qərbin Azərbaycana qarşı sərgilədiyi mövqeni gözlənilən hesab eləmək olar. Çünki onlar rəsmi Bakının müstəqil siyasət yürütməsi, kiminsə diqtəsini icra etməməsi ilə barışa bilmirlər.
ABŞ, Qərb, xüsusən də Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir, bunu həzm etmək istəmir. Onlara müti Ermənistan kimi ölkələr lazımdır.
Dinləmələrin keçirilməsinə ən çox ABŞ-dəki erməni lobbisinin dəstək verdiyi şübhəsizdir. Dinləmələr ərəfəsində ermənipərəst damğalı konqresmen Adam Şiffin, korrupsiya ittihamında boğulsa da, erməni sevgilisindən və sevgisindən vaz keçə bilməyən Bob Menendesin açıqlamaları küləyin haradan əsdiyini əyan edirdi. Tədbirin təşkilatçısı olan Konqresin Avropa məsələləri üzrə alt komitəsinin sədri Tomas Kinin bundan əvvəl Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunsla görüşməsi isə mətləblərə daha da aydınlıq gətirirdi.
Dinləmələr oldu, gözlənildiyi kimi, Azərbaycan əleyhinə ədalətsiz bəyanatlar səsləndi, qərəzli bəyanatlar verildi. Bunlar məlum idi. Bizim çatdırmaq istədiyimiz başqa məqamlardır.
Azərbaycanın nə ABŞ, nə də onun Konqresi qarşısında heç bir öhdəliyi yoxdur. Bakı Vaşinqtondan gələn bəyanatları bəziləri kimi qeyd-şərtsiz yerinə yetirəcək paytaxt deyil. Heç bir ölkə, o cümlədən ABŞ Azərbaycanla təzyiq dilində danışa bilməz. Vaşinqton bir nüansı anlamalıdır ki, onun Azərbaycan müstəqillik qazandığı ilk gündən indiyə kimi tutduğu mövqe ümumilikdə Azərbaycan xalqı tərəfindən qəbul edilmir. Azərbaycan xalqı ABŞ-nin ona münasibətdə həmişə ədalətsiz olduğunu, haqsız, işğalçı Ermənistanı dəstəklədiyini bilir və bunu unutmur. Azərbaycan hər bir ölkə ilə dostluq istəyir, əməlində də həmişə bunu göstərir. Ancaq ABŞ da daxil olmaqla, riyakar, ikiüzlü ölkələr hər zaman əks mövqe tutub.
Erməni lobbisinin əsirinə çevrilmiş Konqresdən isə danışmağa dəyməz. ABŞ özü ciddi problemlərlə üz-üzədir. Dövlət borcu günbəgün artır, irqi ayrı-seçkilik, polis zorakılığı, kriminal, qətllər və digər problemlər baş alıb gedir. Çoxsaylı daxili problemlərlə məşğul olmaq əvəzinə Konqres erməni lobbisinin təsiri ilə mənasız dinləmələrə məşğuldur.
Bundan başqa, bu gün dünyanın müxtəlif bölgələrində baş verən siyasi təlatümlər, iğtişaşlar, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinin içindən mütləq Vaşinqton çıxır. ABŞ artıq bütün dünyada münaqişələrin, gərginliklərin baş rol ifaçısına çevrilib. Liviya, Suriya, İraq, Əfqanıstan, Ukrayna, Yaxın Şərq - hamısı ABŞ-nin əsəridir.
Yalançı arqumentlərlə 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir obyekt belə tikmədi, yol salmadı, əksinə, bu illər ərzində bütün ölkəni narkotik plantasiyasına çevirdi. Son məlumatlara görə, ABŞ Əfqanıstanı tərk etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb.
Bu gün Qəzzada baş verənlərin də ssenari müəllifi Vaşinqtondur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Amerikadır. Bu gün Ukrayna bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Milyonlarla insanın qanı Vaşinqtonun vicdanına yazılıb. Ukrayna müharibəsindən sonra Avropa Rusiyanın enerji resurslarından məhrum olub. Əvəzində, ABŞ bu böyük bazarı özününküləşdirib.
Latın Amerikasında, Afrika qitəsində törətdiyi cinayətlərə görə ABŞ-yə qarşı kəskin mənfi münasibət formalaşıb.
Postsovet məkanı, Cənubi Qafqazda baş vermiş və hələ də davam edən siyasi kataklizmlərin ən böyük səbəbkarı da məhz ABŞ-dir.
ABŞ dünyanın müxtəlif ölkələrində törətdiyi kimi, Cənubi Qafqaz ölkələrində də rəngli inqilablar ssenarisi həyata keçirməyi qarşısına məqsəd qoyub. Lakin Vaşinqtonun 2000-ci illərin əvvəllərindən başlanan rəngli inqilablar ssenarisini Azərbaycanda da gerçəkləşdirmək cəhdi iflasa uğradı.
Ən əsası, isə ABŞ-nin artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqe idi. ABŞ keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə də məsuliyyət daşıyır. ABŞ 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Amma 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. İşğala məruz qalan ölkəyə qarşı birbaşa yardımı qadağan edən “907-ci düzəliş”i qəbul etməkdən böyük nonsens ola bilərmi?
Vaşinqtonun bu riyakarlığı həm tarixdə, həm də Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.
ABŞ Qarabağ işğal altında olduğu müddətdə buradakı oyuncaq separatçı rejimə hər il öz büdcəsindən maliyyə yardımı ayırırdı. Vaşinqtonun Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollarla vəsait ayırması, separatçıların ABŞ-da yardım kampaniyaları keçirib pul yığmalarına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə imkan yaradılması faktdır. Təkcə bu faktlar ABŞ-nin Azərbaycana, beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə, suverenliyinə münasibətinin göstəricisi sayıla bilər.
Azərbaycan xalqı uzun illər ABŞ-dən bu pisliyi, riyakarlığı görüb.
Noyabrın 15-də Konqresdə dinləmələrdə çıxış edənlər, o cümlədən ABŞ dövlət katibinin Avropa və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bəyan edib ki, ABŞ Azərbaycana yardım etməyəcək. Məsələ yardım deyil. Onlar özləri də yaxşı bilir ki, Azərbaycanın heç bir ölkənin, eyni zamanda ABŞ-nin yardımına ehtiyacı yoxdur. Söhbət Vaşinqtonun haqsız, ədalətsiz mövqeyindən, Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasına mane olmasından, bütün ölkələrə diqtə etmək niyyətindən, bu diqtəni qəbul etməyənlərə qarşı atdığı addımlardan gedir.
Elə dünənki dinləmələrlə, Ceyms O-Braynın Azərbaycan əleyhinə əsassız ittihamları ilə ABŞ Azərbaycanla Ermənistan arasında nizamlama prosesinə növbəti zərbəni vurdu. Azərbaycan Xarici İşlər Nazirliyi bu gün yaydığı açıqlamada Bakının noyabrın 20-də Ermənistanla xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda planlaşdırılan görüşdən haqlı olaraq imtina etdiyini bildirdi.
“ABŞ-nin birtərəfli yanaşması ABŞ-nin vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”, - deyə Azərbaycan XİN-in açıqlamasında vurğulanır.
Vaşinqton hesab edir ki, istədiyi ölkə ilə istədiyi dildə danışa bilər. Amma yanılır. Azərbaycan XİN-in açıqlamasında deyildiyi kimi, “Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq".
Azərbaycana diqtə etmək istəyənlərə bundan sonra da yeri göstəriləcək. Bunun üçün, ilk növbədə, ABŞ-nin, Qərbin Azərbaycandakı şəbəkələri zərərsizləşdirilməli, USAİD və digər bu kimi təşkilatların fəaliyyəti dayandırılmalıdır. ABŞ-nin müxtəlif adlar altında yaradığı agentura şəbəkələrinin dağıdılmasının vaxtı çoxdan çatıb. Azərbaycan qarşı dürüst, ədalətli, səmimi olmayan heç bir ölkəyə güzəşt edilməməlidir.
O ki qaldı ABŞ-nin yardımına, məsləhətdir ki, həmin yardımlar səfalət içində olan Ermənistana edilsin. Onsuz da İrəvan Vaşinqtonun çaldığı hər mahnıya həvəslə oynayır. Heç olmasa şabaşsız oynamasın...

Tehsil-press.az


Oxşar xəbərlər