Şuşa məktəbinin müəllimi: Azərbaycan təhsili ölkə Prezidentinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolundadır

Şuşa məktəbinin müəllimi: Azərbaycan təhsili ölkə Prezidentinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolundadır “Ötən 20 ildə Azərbaycan təhsilinin keçdiyi yola nəzər salanda bir sıra mühüm yeniliklərin, uğurların olduğunu görmək olar. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra Azərbaycan təhsilində yeni mühit formalaşmağa başladı. “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması müasir inkışaf modelin yaranmasına səbəb oldu”.
Bu fikirləri Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zövqiyyə Namətqızı söyləyib. Təhsil infrastrukturunun inkişafının daim dövlətin diqqətində olduğunu vurğulayan Z.Namətqızı deyib: “Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması keyfiyyətli təhsilin təməlini qoydu. Son 10 il də Azərbaycan təhsili üçün uğurlu oldu. Müəllimlər, eləcə də direktorlar və dərs hissə müdirləri müsabiqə yolu ilə işə qəbul olunurlar. Bu da təhsilimizdə şəffaflıq yaradır. Mən müsabiqə yolu ilə Şuşa rayon 1 saylı Malıbəyli kənd tam orta məktəbinə dərs hissə müdiri seçilmişəm. Təhsilimizdə digər bir yenilik regional təhsil idarələrinin yaradılmasıdır. Bu da müəllimlərin işini asanlaşdırır. Müsabiqələr regional təhsil idarələrinin nəzarəti altında aparılır. Hansısa ucqar kənd müəllimi müsabiqədə iştirak etmək üçün Bakı şəhərinə getmir, regionda keçirilən müsabiqədə rahat şəkildə iştirak edir. Yaranan çətinliklər regional təhsil idarələri tərəfindən həll edilir. Bu da Elm və Təhsil Nazirliyinin yükünü azaldır”.
Bu yeniliklərin Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi qeyd edən direktor müavini vurğulayıb ki, son 20 ildə yüzlərlə yeni təhsil ocağı əsaslı inşa və təmir olunub, o cümlədən yeni məktəb korpusları tikilib və yenilənib. Təhsil ocaqlarının infrastrukturu gücləndirilib və müasirləşib.
O, işğal dövründə mindən çox təhsil ocağının düşmən tərəfindən məhv edildiyini təəssüflə xatırladıb: “Dağıdılmış məktəblərin bir çoxu Azərbaycanda qabaqcıl məktəblərdən olub. Azərbaycanın çoxlu sayda tanınmış ziyalıları həmin məktəblərdə təhsil alıblar. Şuşa 1 saylı məktəb də dövrünün ən inkişaf etmiş təhsil müəssisəsi sayılırdı. Digər qədim tarixə malik olan təhsil ocağı isə Ağdam 1 saylı orta məktəb idi. Bir çox tanınmış ziyalılar bu məktəbin məzunu olublar. Görkəmli alim Xudu Məmmədov, professor Rafiq Əliyev Ağdam 1 saylı orta məktəbin məzunlarıdırlar. Daha bir qədim məktəb Xocavənd rayonunun Tuğ kəndində yerləşirdi ki, burada xalqımızın böyük ziyaları yetişib. Amma torpaqlarımız mənfur qonşularımız tərəfindən işğal olunan zaman bu təhsil ocaqları yer üzündən silinib”.
Direktor müavini işğaldan azad edilmiş ərazilərimizdə yeni məktəb binalarının inşa olunduğunu, müasir standartlara cavab verən təhsil ocaqlarının istifadəyə verildiyini xüsusi qeyd edib. Bildirib ki, Zəngilan rayonunun Ağalı kəndində müasir təhsil ocağının keçmiş məcburi köçkün uşaqlarının ixtiyarına verilməsi, qardaş Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə avqustun 23-də ilk zəng səsinin eşidilməsi bunun əyani sübutudur.
“Hazırda Ağdam şəhərində inşası yekunlaşmaq üzrə olan 1 saylı məktəbdə 950 şagird təhsil alacaq. Daha bir təhsil ocağı isə Şuşada inşa edilir. Şuşa şəhər 1 saylı məktəbin tikintisi sürətlə davam edir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Xankəndi Pedaqoji Universiteti də tezliklə qapılarını tələbələrin üzünə açacaq. Tezliklə Ağdamda Qarabağ Universitetinin inşasına başlanılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan təhsili dövlətin, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində böyük inkişaf yolundadır”, - deyə Z.Namətqızı qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər