Yüz yaşlı universitetdə “Məzun günü”

Yüz yaşlı universitetdə “Məzun günü” Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Məzun günü” keçirilib.
Ali təhsil ocağının 100 illik yubileyi çərçivəsində keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər, eləcə də əvvəlki illərdə ADMİU-nun məzunu olmuş tanınmış sənətçilər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova bütün məzunları təbrik edib, onlara universitetdənkənar həyatlarında da uğurlar və müvəffəqiyyətlər arzulayıb. Builki məzuniyyətin universitet üçün önəmli zamana təsadüf etdiyini bildirən rektor 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100, Azərbaycanın ilk peşəkar milli teatrının 150 və Azərbaycanın ilk yaradıcılıq yönümlü ali təhsil ocaqlarından biri olan ADMİU-nun 100 illik yubileylərinin qeyd edildiyini xatırladıb. O, məzunlara ADMİU-nun 100 illik tarixində yeri olan, bu ali məktəbdə təhsil alaraq ölkəmizin adını ucaldan, yaradıcılıqları ilə Azərbaycan mədəniyyətini və incəsənətini inkişaf etdirən tanınmış sənətkarlar kimi uğur qazanmağı, mədəniyyətimizə layiqincə xidmət etməyi arzulayıb.
Mərasimdə ADMİU-nun bir sıra tanınmış məzunlarının təbriklərinin və ürək sözlərinin yer aldığı videoçarx təqdim olunub.
Sonra Rəssamlıq, Kulturologiya, Kino və televiziya, Teatr sənəti, Musiqi sənəti fakültələrinin dekanları Sayalı Quliyeva, Vasif Adilov, Elnur Mehdiyev, Böyükxanım Talıbova və İradə Xəlilova məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində ADMİU-nun məzunu olmuş sənətkarlar musiqi nömrələri ilə çıxış ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər